“İşaldan azad olumuş ərazilərə qaydış prosesi və həmin ərazilərin sosial iqtisadi inkişafının təminatı bu gün ölkə hökümətinin sözsüz prioritetlərindəndir. Nəzərə almaq lazımdır ki, artıq bu istiqamətdə böyük işlər görülüb. Bu proses uzunmüddətli olacaq. Xocalıya bizim vətəndaşların dönməsi prosesinə gəldikdə hesab edirəm ki, Xocalının sosial iqtisadi bərpası, orada infrastrukturun bərpası prosesi daha qısa müdddət ərzində reallaşa bilər. Çünki Xocalıdakı dağıntılarla  işğaldan azad olmuş əksər digər ərazilərdəki dağıntıların müqayisəli təhlilini aparsaq Xocalının infrastrukturunda daha çox imkanlar mövcuddur. Bu da onu deməyə əsas verir ki,  orada quruculuq və bərpa işləri daha qısa müdddət ərzində ola bilər".

Bu fikirləri Azərbaycan Texniki Universitetin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elşad Məmmədov QHT.az-a açıqlamasında bildirib. Professor işğaldan azad olunmuş ərazilərə dönüş prosesinin və bu ərazilərin sosial-iqtisadi inkişafının ölkə hökumətinin əsas prioritetlərindən biri olduğunu bildirib. Məmmədovun ifadələrinə görə, bu sahədə artıq böyük işlər görülüb: "Xocalıda hava limanının olması da zənnimcə ona əsas verir ki, biz Xocalının sürətli şəkildə bərpasının şahidi olaq və eyni zamanda Xocalının yerləşməsi nöqteyi nəzərindən, oradakı quruculuq bərpa işlərinin daha tez həyatə keçirilməsi, fikrimcə, mümkündür".

İşğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı üçün ilk növbədə daha çox investisiyaların tələb edildiyini vurğulayan Məmmədov, ilk mərhələdə bu investisiyaların dövlət kapital qoyluşları ilə təmin edilməsinin önəmli olduğunu qeyd edib: "Tədricən infrastruktur layihələri bitdikdən, təmin olunduqdan sonra mənə elə gəlir ki, özəl daxili investisiya resurslarının artmasına nail olmalıyıq. Bunun üçün də müvafiq pul- kredit siyasətinin həyata keçirilməsi zəruridir və eyni zamanda xaricdən qabaqcıl teknologiyaların idxalı vasitəsilə biz həmin ərazilərin sosial- iqtisadi inkişafını daha dayanıqlı və daha qabaqlayıcı şəkildə həyata keçirə bilərik".

 

Pərvanə Fərhadqızı
QHT.az