İrəvanın mərkəzində yerləşən tarixi Təpəbaşı məhəlləsi Ermənistan hakimiyyətinin səyləri nəticəsində məhv olmaq təhlükəsi ilə üz-üzədir. Bu məhəllə zəngin mədəni və tarixi irsi əks etdirən qədim İrəvanda azərbaycanlıların mövcudluğunun mühüm sübutudur.

19-cu əsrdə Çar Rusiyası siyasəti ilə ermənilərin köçürülməsi Təpəbaşının etnik tərkibini dəyişməyə başladı. Lakin 20-ci əsrin əvvəllərinə qədər küçə və məhəllələrdə Azərbaycan adları üstünlük təşkil edirdi. Məhəllənin etnik tərkibi üç mühüm mərhələdə süni şəkildə dəyişdirildi: 1918-1920, 1948-1953 və 1988-ci illərdə monoetnik erməni ərazisinə çevrildi. Beləliklə, azərbaycanlılar Qərbi Azərbaycandan deportasiya edildikdən sonra onların tarixi, mədəni və dini abidələri sistemli şəkildə məhv edildi.

Niyə görə sistemli? Çünki İrəvanda yüz illər ərzində azərbaycanlıların yaşamasına baxmayaraq onlara aid maddi-mədəni irs demək olar ki, qalmayıb. Bunun səbəbləri tarixşünaslıqda aydındır, lakin dünya ictimaiyyəti böyük ölçüdə məlumatsız olaraq qalır. Cavab Azərbaycan irsinin yox edilməsinə və saxta erməni tarixinin uydurulmasına yönəlmiş bir əsrə yaxındır davam edən siyasətdir. Təsadüfi deyil ki, bu illər ərzində İrəvan qalası, Xan sarayı, Abbas Mirzə məscidi, Zal xan məscidi, Dəmirbulaq məscidi, Sərtip xan məscidi, Hacı Novruzəli bəy məscidi, Hacı Cəfər məscidi, Qantar (bazarı) karvansarası, Hacı bəyim hamamı, Hacı Əli hamamı, Axund Şeyxülislam hamamı tamamilə məhv edilib. Bu gün İrəvandakı bu irsin son qalıqları – Təpəbaşı məhəlləsi də məhv olmaq təhlükəsi ilə üz-üzədir və bu, YUNESKO kimi beynəlxalq təşkilatların təcili müdaxiləsinə ehtiyac olduğunu göstərir.

İrəvanın Azərbaycan tarixinin dağıdılması siyasi motivlidir, məqsəd şəhərin indiki simasını bərqərar etməkdir. 2003-cü ildə Respublika Meydanında aparılan qazıntılar zamanı Azərbaycan-müsəlman memarlıq nümunələri aşkar edilib və Ermənistan hakimiyyəti beynəlxalq normaları pozaraq bu artefaktları dərhal dəfn edib. Təpəbaşı İrəvanda Azərbaycan irsinin yeganə görünən sübutu olaraq qalır, lakin sürətlə yoxa çıxmaqdadır. Ermənistan rəhbərliyi Azərbaycanın tarixi izlərini daha da silməklə bu ərazini müasir tikililərlə əvəz etməyi planlaşdırır.

2006-cı ildə təsdiq edilmiş İrəvanın şəhər planına Azərbaycan mədəniyyətinə aid edilən, qəsdən fars mənşəlli kimi təqdim edilən memarlıq nümunələri olan altı ərazi daxil edilib. 2006-cı ilə qədər bu ərazilər 29 hektar ərazini əhatə edirdi, lakin bu gün yalnız Təpəbaşı hissəsi (16 hektar) qalır. Cəmi 18 il ərzində 13 hektar tarixi əhəmiyyətə malik Azərbaycan memarlığı dağıdılıb, müasir infrastruktura yer açılıb.

Tarixən İrəvan şəhəri (indiki Yerəvan) Şəhər, Dəmirbulaq və Təpəbaşı hissələrinə bölünmüş, şəhərin yaranmasından 20-ci əsrin əvvəllərinə qədər hər bir ərazidə azərbaycanlılar yaşamışdır. 19-20-ci əsrlərdə azərbaycanlılar şiddətli etnik təmizləmə ilə üzləşmiş, SSRİ-in dağılması ilə isə onların indiki Ermənistan ərazisindəki mövcudluğunun son qalıntıları da məhv edilmişdir. Bura İrəvan qalası, Xan sarayı kimi minlərlə tarix və mədəniyyət abidəsinin, çoxsaylı məscid və hamamların dağıdılması daxildir. Hətta İrəvanda salamat qalmış iki məscid - Hacı İmamverdi məscidi və Göy məscidinin tarixi saxtalaşdırılıb və xarabalığa çevrilənə qədər baxımsız qalıb. Bütün bu cəhdlərə baxmayaraq, Ermənistan və Azərbaycan arxivlərində Təpəbaşının azərbaycanlı köklərini təsdiqləyən əsaslı sübutlar var. Qarabağın işğaldan azad etməklə buradakı irsimizin dağıdılmasının qarşısını almağa, yavaş-yavaş Şuşanın, Ağdamın tarixi Azərbaycan simasını bərpa etməyə nail olduq, lakin İrəvandakı mədəni mirasımıza qarşı davam edən erməni düşmənçiliyi onu bərpası mümkün olmayan məhvə məhkum edir.

Hər bir tarixi abidə həm də insanlığın ortaq mirasını daha da zənginləşdirən dəyərli bir mədəniyyət nümunəsidir. Bu baxımdan, onu tarixdən silməyə çalışmaq bəşəri miqyaslı cinayətdir. Tarixi Təpəbaşı məhəlləsinə, ümumiyyətlə azərbaycanlıların İrəvanın tarixi-mədəni irsinə töfhələrinə qarşı etinasızlıq, indiki halda isə məqsədli məhvetmə kampaniyası təkcə Azərbaycanı deyil, maddi-mənəvi mədəniyyətə dəyər verən hər kəsi, hər bir dövləti və hər bir qurumu qayğılandırmalıdır.

 

Fəridə Mirişova

İz- Mədəniyyətin inkişafına dəstək ictimai birliyinin sədri

AMEA . Memarlıq və İncəsənət İnstitutu, elmi işçi