Ötən 15-20 il ərzində ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında baş verən mühüm dəyişikliklər əlbəttə ki, vətəndaş cəmiyyətindən də yan keçməmişdir. 20 il ərzində vətəndaş cəmiyyətinin inkişaf yolunu izləsək, görərik ki, bu müddətdə vətəndaş cəmiyyət üzvləri olan qeyri-hökumət təşkilatlarının fəaliyyəti müxtəlif şaxəli və keşməkeşli olmuşdur.

QHT.az- a açıqlama verən Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadə bildirib ki, təxmini 20 il öncə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar donor olaraq çox az sayda, o da yalnız məlum mövzular üzrə yerli QHT-lərə dəstək göstərirdi. Dövlət qurumlarının da QHT məfkurəsinə qarşı münasibətinin birmənalı olmadığını, bu yanlış təsəvvürün cəmiyyətə öz mənfi təsirini göstərdiyini və QHT-lərin cəmiyyət tərəfindən tam düzgün qəbul edilmədiyini vurğulayan QHT sədri bütün bu uyğunsuzluqların demək olar, 2007-ci ildə QHT-lərə Dövlət Dəstəyi Konsepsiyası və milli donor institutunun formalaşdırılmasına dair cənab Prezident İlham Əliyevin imzaladığı sənədlərlə müsbət həllini tapmağa başladığını da qeyd edib: “2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yaradıldı. Bununla da milli maraqların qorunması, vətənpərvərlik və digər mövzularda QHT-lərin fəaliyyəti aktuallaşdı və çoxlu sayda QHT dəstək ala bildi. 2021-ci ildə Şuranın varisi hesab edilən Azərbaycan Respublikasının QHT-lərinə Dövlət Dəstəyi Agentliyi yaradıldı. Agentlik tərəfindən QHT-lərin inkişafı üçün müxtəlif istiqamətlərdə dəstək göstərildi, maliyyə imkanlarının artırılması məqsədilə kiçik, orta, böyük qrant siyasəti formalaşdı, eyni zamanda yerli QHT-lərin beynəlxalq QHT-lərlə əməkdaşlıq imkanları genişləndirildi”.

 

Pərvanə Fərhadqızı