“Qarşıdakı illərdə ölkəmizin prioritetləri və inkişaf məqsədlərinə uyğun olaraq böyük qayıdış prosesində Qarabağ və Şərqi Zəngəzur bölgəsində məcburi köçkün gənclərin sosial və iqtisadi inkişafı və məşğulluq məsələləri bizim üçün diqqət mərkəzində olacaq. Bununla yanaşı gənclərin sülh quruculuğunda iştirakı və bu sahədə beynəlxalq əməkdaşlığımızın gücləndirilməsi istiqamətində layihələr həyata keçirməyi düşünürük”.
Azərbaycan- Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov bu sözləri QHT.az- a açıqlamasında bildirib. Gənclərin siyasi iştirakçılığının və savadlılığının artırılması, fəal vətəndaşlıq və media təşəbbüslərinin dəstəklənməsi, ucqar bölgələrdə yaşayan gənclər üçün imkanların əlçatan olması kimi fəaliyyətləri həyata keçirməyi düşünürük deyən QHT sədri bütün bunların gənclərin qərarvermə prosesi və idarəetmədə rolunu daha çox artırmağa xidmət etdiyini, bunun birbaşa onların inkişafına öz müsbət təsirini göstərəcəyini də vurğulayıb: “Ölkə xaricində də aktiv beynəlxalq əməkdaşlığı davam etdirməyi, beynəlxalq platformalarda təmsil olunmağı, beynəlxalq layihələrə tərəfdaş kimi qoşulmağı və xüsusən ABŞ QHT-ləri ilə birgə yeni təşəbbüsləri nəzərdən keçirəcəyimizi düşünürəm”.
Pərvanə Fərhadqızı












