31 iyul 2026-cı il tarixində Qaraman İcma Mərkəzində mərkəzin nəzdindəki Ekoklub üzvləri üçün “İqlim şüurlu ictimai iştirakçılıq: ən yaxşı təcrübələr" mövzusunda interaktiv təlim təşkil olunub.
Bu barədə QHT.az saytına Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülqədəm Mirzəzadə məlumat verib.
Təlimin əsas məqsədi iştirakçıların iqlim dəyişikliyi ilə bağlı biliklərini artırmaq, iqlim yönümlü ictimai iştirakçılığın əhəmiyyətini izah etmək və dayanıqlı inkişaf istiqamətində vətəndaş fəallığını təşviq etmək olub.
Təlim İqlim Freskası metodologiyası əsasında keçirilib. İnteraktiv qrup işi zamanı iştirakçılar iqlim dəyişikliyinin səbəb və nəticələri arasındakı qarşılıqlı əlaqələri elmi faktlar əsasında təhlil edib, iqlim böhranının cəmiyyətə və ətraf mühitə təsirləribarədə fikir mübadiləsi aparıb.
Təlimin fasilitatoru Azərbaycan, Kanada və İtaliyada beynəlxalq təcrübəyə malik iqlim təlimçisi Fidan Kərimli mövzuya nəzəri və praktik yanaşmanı birləşdirərək iştirakçıların müzakirələrdə fəal iştirakını təmin edib və iqlim problemlərinin sistemli şəkildə dərk edilməsinə dəstək verib.
Təlim çərçivəsində iştirakçılar iqlim dəyişikliyinin qarşısının alınmasında hər bir fərdin və yerli icmaların rolunu daha yaxından dərk edib, ekoloji məsuliyyət, dayanıqlı həyat tərzi və ictimai təşəbbüslərin əhəmiyyəti barədə biliklərini zənginləşdirib.
Qaraman İcma Mərkəzi gələcəkdə də ekoloji maarifləndirmə, dayanıqlı inkişaf və icma iştirakçılığının gücləndirilməsi istiqamətində maarifləndirici tədbirlərin təşkilini davam etdirməyi planlaşdırır.






