Hindistanda hökumətin irəli sürdüyü Xarici Yardımların Tənzimlənməsi Qanununa (FCRA) dəyişikliklər ölkədə və beynəlxalq səviyyədə vətəndaş cəmiyyəti təşkilatları arasında geniş müzakirələrə səbəb olub. Müxalifət nümayəndələri və hüquq müdafiəçiləri hesab edirlər ki, yeni müddəalar QHT-lərin fəaliyyətinə dövlət nəzarətini daha da gücləndirə bilər.

QHT.az xarici mediaya istinadən bildirir ki, qanun layihəsinə əsasən, xarici maliyyə qəbul edən QHT-nin qeydiyyatı ləğv edildikdə və ya yenilənmədikdə onun xarici vəsait hesabına formalaşmış aktivləri dövlət tərəfindən təyin ediləcək xüsusi qurumun nəzarətinə verilə bilər. Hökumət bu addımın məqsədinin xarici maliyyənin daha şəffaf idarə olunmasını və milli təhlükəsizliyin qorunmasını təmin etmək olduğunu bildirir.

Bununla yanaşı, Hindistan Milli Konqres Partiyasının deputatı Şaşi Tarur qanun layihəsini sərt tənqid edərək bildirib ki, dəyişikliklər hökumətə QHT-lər üzərində həddindən artıq səlahiyyət verir və vətəndaş cəmiyyətinin müstəqilliyini zəiflədə bilər. Onun sözlərinə görə, layihə şəffaflıqdan daha çox nəzarətin gücləndirilməsinə xidmət edir.

Mövzu beynəlxalq diqqət də çəkib. ABŞ Konqresinin bəzi üzvləri də qanun layihəsinin dini və humanitar təşkilatların fəaliyyətinə təsir göstərə biləcəyini bildirərək narahatlıqlarını ifadə ediblər. Hindistan hökuməti isə bu iddiaları qəbul etmir və dəyişikliklərin yalnız qanunsuz maliyyə axınlarının qarşısını almağa yönəldiyini vurğulayır.