“Yaşıl maliyyə və iqlim risklərinin idarə olunması üzrə peşəkar inkişaf proqramı” adlı layihə çərçivəsində iqlim riskləri və dayanıqlı inkişaf yanaşmaları müzakirə olunub.
QHT.az xəbər verir ki, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA İB) tərəfindən həyata keçirilən “Yaşıl maliyyə və iqlim risklərinin idarə olunması üzrə peşəkar inkişaf proqramı” layihəsi çərçivəsində 16, 22 və 29 avqust tarixlərində növbəti təlim modulları keçirilib.
Proqramın bu mərhələsində iştirakçılara kənd təsərrüfatında iqlim risklərinin müəyyənləşdirilməsi və xəritələnməsindən başlayaraq, ESG prinsipləri, yaşıl maliyyə alətləri, aqro-iqlim dayanıqlılığı və pilot təşəbbüslərin hazırlanmasına qədər bir-birini tamamlayan mövzular üzrə nəzəri və praktiki biliklər təqdim olunub.
Kənd təsərrüfatında iqlim risklərinin xəritələnməsi
16 avqust tarixində keçirilən təlim “Kənd təsərrüfatında iqlim risklərinin identifikasiyası və aqro-ekosistem xəritələnməsi” mövzusuna həsr olunub.
Təlimi Kənd Təsərrüfatı Nazirliyinin CİS və Layihələrin İdarə Olunması Mərkəzinin bölmə müdiri, data elmi və məkan məlumatlarının təhlili sahəsində 12 ildən artıq peşəkar təcrübəyə malik ekspert Samir Vəlizadə həyata keçirib.
Təlim zamanı iqlim dəyişikliyinin kənd təsərrüfatına təsirləri, aqrar sektorda iqlim risklərinin identifikasiyası və qiymətləndirilməsi, risklərin müasir texnologiyalar vasitəsilə xəritələnməsi, həmçinin Coğrafi İnformasiya Sistemləri (CİS), ArcGIS və QGIS kimi alətlərdən istifadə etməklə məkan analizlərinin aparılması məsələləri nəzərdən keçirilib.
İştirakçılar iqlim risklərinin yalnız müəyyənləşdirilməsi deyil, onların məkan üzrə vizuallaşdırılması və aqro-ekosistemlərə təsirinin daha dəqiq qiymətləndirilməsi imkanları ilə də tanış olublar.
ESG prinsipləri və yaşıl maliyyə alətləri 22 avqust tarixində proqram çərçivəsində “ESG prinsipləri və yaşıl maliyyə alətləri” mövzusunda növbəti təlim keçirilib.
Təlimin əsas məqsədi iştirakçıların kənd təsərrüfatında ESG — ətraf mühit, sosial və idarəetmə prinsiplərinin tətbiqi, yaşıl transformasiya və dayanıqlı kənd təsərrüfatı modelləri, eləcə də yaşıl maliyyə alətlərindən istifadə imkanları barədə biliklərinin artırılması olub.
Təlimi Kənd Təsərrüfatı Nazirliyi yanında CİS və Layihələrin İdarə Edilməsi Mərkəzinin şöbə rəhbəri, PMP, GRI və ISEP beynəlxalq sertifikatlarına malik ekspert Nadir Nadirli həyata keçirib.
Təlim çərçivəsində iştirakçılar dayanıqlı inkişaf yanaşmalarının aqrar sektora inteqrasiyası, yaşıl maliyyənin dayanıqlı layihələrin maliyyələşdirilməsində rolu və ESG yanaşmalarının yerli təşəbbüslərdə tətbiqi imkanlarını müzakirə ediblər.
Aqro-iqlim dayanıqlılığı və pilot təşəbbüslərin hazırlanması
29 avqust tarixində isə proqramın növbəti modulu “Aqro-iqlim dayanıqlılıq modeli və pilot təşəbbüs planı” mövzusuna həsr olunub.
Təlimi Kənd Təsərrüfatı Nazirliyi sistemində fəaliyyət göstərən aqrar və ətraf mühit üzrə mütəxəssis, PhD elmi dərəcəli Günay Həsənli həyata keçirib.
Günay Həsənli Aqrar, Ətraf Mühit və Qida Elmləri və Texnologiyaları Proqramı üzrə İtaliyanın Bolonya Universitetində doktorantura təhsili alıb. Hazırda Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqroservis” ASC-nin Coğrafi İnformasiya Sistemləri və Layihələrin İdarə Edilməsi Mərkəzinin Vizuallaşdırma və Hesabatlılıq bölməsinin rəhbəri vəzifəsində çalışır.
Təlim zamanı aqro-iqlim dayanıqlılığı, kənd təsərrüfatında iqlim risklərinə uyğunlaşma yanaşmaları, dayanıqlı aqrar modellərin formalaşdırılması və yerli ehtiyaclara uyğun pilot təşəbbüslərin hazırlanması məsələləri müzakirə olunub.
Bu modul əvvəlki təlimlərdə əldə olunan biliklərin praktiki tətbiqinə yönələrək iştirakçıların iqlim risklərini nəzərə alan və yerli şəraitə uyğun dayanıqlılıq təşəbbüslərinin formalaşdırılması üzrə bacarıqlarının inkişafına xidmət edib.
Keçirilən təlimlər proqramın bir-birini tamamlayan əsas istiqamətlərini əhatə edib. İştirakçılar əvvəlcə kənd təsərrüfatında iqlim risklərinin müəyyənləşdirilməsi və xəritələnməsi, daha sonra bu risklərin ESG və yaşıl maliyyə yanaşmaları ilə əlaqələndirilməsi, son mərhələdə isə aqro-iqlim dayanıqlılığı üzrə praktiki təşəbbüslərin hazırlanması istiqamətində bilik və bacarıqlar əldə ediblər.
“Yaşıl maliyyə və iqlim risklərinin idarə olunması” peşəkar inkişaf proqramı iqlim dəyişikliklərinin yaratdığı risklərin düzgün müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması, həmçinin yaşıl maliyyə, ESG və dayanıqlı inkişaf üzrə bilik və bacarıqların artırılmasına xidmət edir.
Proqram çərçivəsində iştirakçıların əldə etdikləri biliklərin yerli ehtiyacların müəyyənləşdirilməsi və iqlim risklərinə uyğun praktiki dayanıqlılıq modellərinin hazırlanmasında tətbiq edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və BP Azərbaycanın maliyyə yardımı ilə ARPA İB tərəfindən həyata keçirilir.
Proqramın qarşıdakı mərhələlərində iqlim risklərinin idarə olunması, yaşıl maliyyə və dayanıqlı inkişaf istiqamətləri üzrə praktiki yanaşmaların daha da inkişaf etdirilməsi və iştirakçıların yerli səviyyədə tətbiq oluna bilən təşəbbüslər hazırlaması nəzərdə tutulur.












