İnsan ömrünün gələcəkdə 120, hətta 150 ilə qədər uzadıla biləcəyi ilə bağlı elmi müzakirələr davam edir. Türkiyəli alim, professor Oytun Erbaş dərmanlar, orqan transplantasiyası və qidalanma vərdişlərinin insan ömrünə təsiri barədə fikirlərini bölüşüb.
QHT.az xarici mediaya istinadən bildirir ki, A Haber telekanalına danışan Erbaş bildirib ki, gələcəkdə dərman vasitələri və tibbi texnologiyaların inkişafı nəticəsində insanların ömrünü uzatmaq mümkün ola bilər. Onun sözlərinə görə, heyvanlardan insanlara orqan köçürülməsi kimi tibbi üsullar da bu sahədə yeni imkanlar yarada bilər.
Professor az kalorili qidalanma və fiziki aktivliyin uzunömürlülük baxımından əhəmiyyətini də vurğulayıb. O, bu amillərin sağlam həyat tərzinin əsas hissəsi olduğunu qeyd edib.
Son iki əsrdə peyvəndlərin, antibiotiklərin, yoluxucu xəstəliklərlə mübarizənin və orqan transplantasiyası texnologiyalarının inkişafı insan ömrünün uzanmasına əhəmiyyətli töhfə verib. Türkiyədə doğuş zamanı gözlənilən ömür uzunluğu isə 78,5 il olaraq göstərilir.
Bununla belə, insan ömrünün 120–150 ilə çatdırılması hazırda təsdiqlənmiş tibbi imkan deyil. Belə nəticələrə nail olmaq üçün əlavə elmi araşdırmalara ehtiyac var.












