Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli QHT.az-a təşkilatın 2024-2026-cı illər üçün strateji planı barədə məlumat verib. O, bildirib ki, hər bir qeyri-hökumət təşkilatı gələcək illər üçün öz məqsədlərini və prioritetlərini müəyyənləşdirməli, bu istiqamətdə strateji plan hazırlamalıdır.

İlqar Hüseynlinin sözlərinə görə, təşkilatın əsas hədəflərindən biri daxili strukturun gücləndirilməsi və üzv sayının sabitliyinin qorunmasıdır. Eyni zamanda, regional əməkdaşlıq imkanlarının artırılması və beynəlxalq platformalarda fəal iştirak prioritetlər sırasındadır:

"2011-ci ildən etibarən təşkilat Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun və Qara Dəniz Ölkələri Qeyri-Hökumət Təşkilatları Forumunun üzvüdür. Təşkilat Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində ardıcıl fəaliyyətini davam etdirəcək. Xüsusilə Qərbi Azərbaycanla bağlı qayıdış konsepsiyası və dövlətin bu sahədə müəyyənləşdirdiyi siyasi kurs təşkilatın prioritetlərindəndir. 2026-cı ilə qədərki strateji planda sosial və iqtisadi sahələrdə araşdırmalar aparılması, eləcə də kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyət imkanlarının gücləndirilməsi nəzərdə tutulub".

QHT sədri təşkilatın maliyyə imkanlarını artırmaq üçün daha çox qrant müsabiqələrinə qatılmağı və üzvlərin davamlı inkişafını təmin etməyi hədəflədiklərini vurğulayıb.

 

Pərvanə Fərhadqızı