İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev QHT.az-a 2025-ci il üçün strategiyanın işlənib yekunlaşdığını açıqlayıb. Onun sözlərinə görə, gələn il təşkilat bir neçə əsas istiqamətdə fəaliyyət göstərməyi planlaşdırır.
"Birinci növbədə, maliyyə, o cümlədən investisiya və İslam iqtisadiyyatı mövzularında maarifləndirmə işlərini genişləndirmək, bu sahədə tədbir və yığıncaqlar keçirmək nəzərdə tutulur. İkinci istiqamət kimi isə mikro, kiçik və orta sahibkarlarla bağlı yeni layihələrin icrası planlaşdırılır," – deyə Ruslan Atakişiyev bildirib.
O, sahibkarların ixrac potensialının gücləndirilməsi, halal biznes sahəsində fəaliyyət göstərən subyektlərlə işlərin təşkili və mikro sahibkarlığın maliyyə təminatının gücləndirilməsi istiqamətində tədbirlərin planlaşdırıldığını vurğulayıb.
Ruslan Atakişiyev həmçinin 2024-cü ildə həyata keçirilən layihələrin davam etdirilməsinin vacibliyinə toxunaraq deyib:
"Cop klasterlərin yaradılması istiqamətində görülən işlər, o cümlədən həssas qruplara aid sahibkarların bu proseslərə cəlb olunması 2025-ci ildə də diqqət mərkəzində olacaq."
Birlik sədri əlavə edib ki, bu planlar Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynamağı hədəfləyir.
Pərvanə Fərhadqızı
QHT.az










