“Son illər Azərbaycanda Vətəndaş Cəmiyyəti nümayəndələri bir çox ekoloji təşəbbüslərdə ciddi fəallıq nümayiş etdiriblər. Şuşa-Xankəndidə ekofəalların bir neçə ay davam edən aksiyası, Sərsəng su anbarı, Oxçuçayın ekoloji vəziyyəti ilə bağlı, eyni zamanda Ermənistanın dağ-mədən sənayesinin bölgədə yaratdığı ekoloji böhranla bağlı vətəndaş cəmiyyətinin bir çox təşəbbüsləri, bəyanatları olub.”
QHT.az xəbər verir ki, bu fikirləri bu gün “Qlobal iqlim dəyişmələri və Azərbaycan. Vətəndaş cəmiyyəti və vətəndaşlar nə edə bilər” mövzusunda keçirilən konfransda QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib:
“Sevindirici haldır ki, bu il Azərbaycan möhtəşəm bir ekoloji tədbirə ev sahibliyi edəcək. Agentlik də COP29 Təşkilat Komitəsində Vətəndaş Cəmiyyəti adından təmsil olunur. Əminəm ki, bu il Azərbaycan Vətəndaş Cəmiyyəti ekoloji sahədə təşəbbüslərə xüsusi diqqət ayıracaq.”
Aygün Əliyeva həmçinin qeyd edib ki, QHT Agentliyi də 2024-cü il qrant müsabiqəsində ekoloji mövzuları 5 prioritet sahədən biri olaraq təqdim edib. Hazırda layihələrin texniki ekspertizası mərhələsinin aparıldığını vurğulayan icraçı direktor bu mövzuya vətəndaş cəmiyyətinin böyük diqqətinin şahidi olduğunu da qeyd edib: “Mart ayında COP29-la bağlı yeni qrant müsabiqəsinin elanı gözlənilir. Bu da imkan verəcək ki, vətəndaş cəmiyyəti COP29 la bağlı da öz tövhəsini versin. İl boyu COP29 mövzusu Agentliyin fəaliyyətində də xüsusi istiqamət olacaq. Artıq Agentliyin təşkilatçılığı ilə QHTlərin sözügedən mövzuda ilk ictimai müzakirəsi keçirilib.Bu il ekoloji təşəbbüslərdə QHT –lərin hər birinin aktiv iştirakını gözləyirik”.












