10 dekabr - Ümumdünya İnsan Hüquqları Günü ilə yanaşı, məişət zorakılığına qarşı 16 günlük kampaniyanın son günündə Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva QHT.az-a özəl açıqlamalar verib. O, hər bir insanın hüquq və azadlıqlara malik olduğunu vurğulayaraq, bu hüquqların Konstitusiya və qanunvericiliklərimizdə təsbit edildiyini qeyd edib.

Zenfira Mustafayeva bildirib:

"Uşaq dünyaya gəldiyi andan hüquqları və azadlıqları var. Dövlətimiz bu hüquqların qorunmasını təmin edir. Ancaq hər kəs unutmamalıdır ki, şəxsi mənafe uğrunda başqalarının hüquq və azadlıqlarını tapdalamaq olmaz."

Zenfira Mustafayevanın rəhbərlik etdiyi təşkilat bu müddət ərzində qadın və uşaqların hüquqlarının müdafiəsi istiqamətində silsilə tədbirlər həyata keçirib. Kampaniya çərçivəsində müxtəlif qurum və idarələrdə təşkil edilən tədbirlər, eləcə də televiziya proqramlarında keçirilən müzakirələr vasitəsilə ictimaiyyətin diqqətini insan hüquqları mövzusuna cəlb edib.

Təşkilatın əsas missiyası qadın və uşaqların hüquqlarını müdafiə etməkdir. Zenfira Mustafayeva bu barədə danışaraq vurğulayıb ki, müraciət edən xanımların hüquqi problemlərinin həllinə dəstək göstərilir və onların həyat şəraitinin yaxşılaşdırılması üçün bütün mümkün imkanlar səfərbər edilir. Ümumdünya İnsan Hüquqları Gününün əhəmiyyətini vurğulayan Zenfira Mustafayeva hər bir şəxsi öz hüquqlarını bilməyə və başqalarının hüquqlarını qorumağa çağırıb:

"Ailələrdə əksər hallarda qadınların hüquqları pozulur, onların işləmək, təhsil almaq kimi azadlıqları məhdudlaşdırılır. Belə hallarda hər iki tərəflə söhbətlər aparılır və təşkilatın psixoloqları davamlı seanslar keçirir. Hüquqların izahı çox vaxt müsbət nəticə əldə etməyə, ailələrin bütövlüyünü qorumağa imkan yaradır."

 

Pərvanə Fərhadqızı

QHT.az