QHT.az-ın Azərbaycanda insan hüquqlarının qorunması sahəsindəki əsas çətinliklərlə bağlı sualına Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva geniş açıqlama verib. O, insanların hüquqlarını bilməməsi və başqalarının hüquq və azadlıqlarını pozmasının bu sahədəki əsas problemlərdən biri olduğunu vurğulayıb.
Zenfira Mustafayeva bildirib ki, hüquq pozuntuları hallarında vətəndaşların məhkəməyə müraciət etmək hüquqları var və bu, sivil dövlətin əsas prinsiplərindəndir:
"Əgər təbii və ya iqtisadi-sosial hüquqlar – qadın, ana, uşaq, sağlamlıq, təhsil, iş, istirahət, mülkiyyət və digər hüquqlar pozularsa, vətəndaşlar öz hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciət edə bilər. Dövlətimizdə bu hüquqlar qanunlarla tənzimlənir və qorunur."
QHT sədri həmçinin ailə münaqişələrində üçüncü tərəfin müdaxiləsinin məsələləri daha da mürəkkəbləşdirdiyini qeyd edib:
"Üçüncü tərəfin – məsələn, qaynana və ya baldız kimi ailədaxili şəxslərin müdaxiləsi vəziyyəti çətinləşdirir və çox zaman məhkəmə prosesləri zəruri olur."
Təşkilata müraciətlər və əsas çətinliklər
Zenfira Mustafayeva təşkilata il ərzində 500-dən çox müraciətin daxil olduğunu və əksər hallarda hüquqların məhkəmə yolu ilə bərpa edildiyini bildirib. Lakin bu proseslərdə əsas çətinliklərdən biri insanların öz hüquqlarını bilməməsidir:
"Hüquqlarını bilməyən insanlar çox vaxt başqalarının hüquq və azadlıqlarını pozur. Bu, maarifləndirmə işinin vacibliyini bir daha ön plana çıxarır. Biz bu sahədə maarifləndirmə işlərini gücləndirməliyik."
Maarifləndirmə və hüquqların qorunması
Təşkilat rəhbəri hüquq pozuntularının qarşısını almaq və insanların hüquqlarını qorumaq üçün ictimai maarifləndirmə işlərinin artırılmasının zəruri olduğunu qeyd edib. Bu çərçivədə təşkilat tərəfindən müxtəlif tədbirlər keçirilir, hüquqi məsləhətlər verilir və hüquqların bərpası üçün dəstək göstərilir.
Pərvanə Fərhadqızı










