“Mayın 8-i həm Azərbaycan xalqının, həm də türk dünyasının yaddaşında dərin iz buraxmış faciəli tarixlərdən biridir. Çünki 1992-ci ilin məhz bu günündə Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı, türk dünyasının mənəvi beşiklərindən biri olan Şuşa erməni işğalçıları tərəfindən işğal edildi”.
 
Bunu "Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi" (CASCFEN) İctimai Birliyinin sədri, şiyasi şərhçi Nadir Azəri QHT.az-a açıqlamasında deyib.

O, bildirib ki, Şuşanın işğalı sadəcə bir şəhərin itirilməsi yox, xalqın mənəvi dayaqlarından birinin hədəfə alınması idi: “Birinci Qarabağ müharibəsinin ən dərin psixoloji yaralarından biri məhz Şuşanın itirilməsi ilə açıldı. Bu, əslində, məğlubiyyət psixologiyasının kulminasiya nöqtəsi idi. Çünki Şuşanın işğalı ilə düşmən strateji və mənəvi baxımdan əsas hədəflərindən birinə çatmış oldu. Bu, həm cəbhədə döyüşən qüvvələrdə, həm də cəmiyyətdə ciddi ruh düşkünlüyü yaratdı. Ardınca Laçının işğalı isə vəziyyətin nə qədər ağır olduğunu bütün çılpaqlığı ilə ortaya qoydu və erməni işğalçıları Qarabağda möhkəmlənmək imkanı əldə etdilər.

Lakin Azərbaycan xalqı bu məğlubiyyətlə barışmadı. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra ölkədə hökm sürən xaos və parçalanma mərhələsinə son qoyuldu. Dövlətçilik ənənələri bərpa edildi, daxili sabitlik təmin olundu, ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. 

Atəşkəsin əldə olunması ilə Azərbaycan özünün siyasi, iqtisadi və hərbi potensialını gücləndirmək üçün tarixi imkan qazandı. “Əsrin müqaviləsi” kimi mühüm layihələr, həyata keçirilən islahatlar və dövlət institutlarının möhkəmləndirilməsi Azərbaycanın yenidən ayağa qalxmasının əsasını təşkil etdi”.

N.Azəri deyib ki, məhz ulu öndərin əsasını qoyduğu azərbaycançılıq ideologiyası, dövlətə və torpağa bağlılıq düşüncəsi ilə yetişən nəsil həm ölkənin dirçəlişində, həm də 44 günlük Vətən savaşında öz sözünü dedi:

“Prezident İlham Əliyev rəhbərliyi ilə Azərbaycan həm iqtisadi, həm də hərbi baxımdan regionun ən güclü dövlətlərindən birinə çevrildi. Müasir silahlarla təchiz olunmuş, yüksək döyüş ruhuna malik Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarix yazdı. Xüsusilə də 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi Azərbaycanın qələbəsinin kulminasiya nöqtəsi oldu. Necə ki, 1992-ci ildə Şuşanın işğalı məğlubiyyətin simvoluna çevrilmişdisə, 2020-ci ildə işğaldan azad olunması da milli zəfərin və tarixi ədalətin bərpasının rəmzi oldu. Daha sonra Azərbaycanın siyasi iradəsi və ordumuzun gücü nəticəsində həyata keçirilən antiterror tədbirləri ilə ölkəmizin bütün ərazisində dövlət suverenliyi tam bərpa edildi”.

QHT sədri qeyd edib ki, bu gün artıq Şuşa yalnız azad edilmiş şəhər deyil: “Bu gün Şuşa Azərbaycanın yenilməz iradəsini, milli yaddaşını və qalib ruhunu özündə cəmləşdirən müqəddəs məkandır. Əgər Şuşanın işğalı bir dövrün ağrılı simvolu idisə, Şuşanın azadlığı da yeni tarixi zəfərin və milli qürurun başlanğıcı oldu”.

Piranə Xasiyeva