Qubada Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Breyn-rinq” intellektual oyunu üzrə rayon turniri Quba Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatı, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi, Quba Heydər Əliyev Mərkəzi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Quba Rayon Komitəsi və Yurd Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə ulu öndərin anadan olmasının 103-cü ildönümünə həsr olunub.
QHT.az xəbər verir ki, yarışda Quba Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatı, ASAN Xidmət, Quba-Xaçmaz Regional Təhsil İdarəsi, Quba Heydər Əliyev Mərkəzi, Quba Dövlət Sosial-İqtisadi Kolleci, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı, Quba Peşə Liseyi, Quba Olimpiya İdman Kompleksi və Quba Rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarından ibarət komandalar iştirak ediblər.
Tədbirin rəsmi açılış mərasimində Fidan Hüseynova, Aynur Yəhyayeva, Qumru Məmmədova, Sevinc Səlimova və Ramin Mahmudov çıxış edərək bildiriblər ki, turnirin keçirilməsində əsas məqsəd ümummilli liderin həyat və fəaliyyətinin idarə, müəssisə və təşkilatlar arasında təbliği, həmçinin əməkdaşların asudə vaxtının səmərəli təşkilinə dəstək verməkdir.
Maraqlı və gərgin mübarizə şəraitində keçən turnirin finalında Quba Dövlət Sosial-İqtisadi Kollecinin komandası ASAN Xidmət komandasını məğlub edərək qalib adını qazanıb. Üçüncü yer uğrunda oyunda isə Quba Rayon İcra Hakimiyyətinin komandası Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının komandasına qalib gələrək üçüncü yerə sahib olub.
Sonda qalib və mükafatçılar təşkilatçılar tərəfindən kubok, diplom və hədiyyələrlə təltif ediliblər.






