17 aprel – Ümumdünya Hemofiliya Günü Azərbaycanda müxtəlif tədbirlərlə qeyd olunacaq. Bu münasibətlə elmi konfranslar, seminarlar, konsertlər, idman yarışları, həmçinin abidələrin hemofiliyanın rəmzi rəngi olan qırmızı ilə işıqlandırılması və digər sosial layihələr planlaşdırılıb.
Qan laxtalanma pozuntularından əziyyət çəkən şəxslərin problemlərinə diqqət çəkmək məqsədilə silsilə tədbirlər çərçivəsində ağacəkmə aksiyası da təşkil ediləcək.
QHT.az bildirir ki, 11 aprel 2026-cı il tarixində TƏBİB, Hemofiliya və Digər Hemostaz Pozuntuları Assosiasiyası və Pirallahı Tibb Mərkəzi-nin birgə təşkilatçılığı ilə Ümumdünya Hemofiliya Gününə həsr olunmuş ağacəkmə aksiyası keçiriləcək.
Aksiyanın əsas məqsədi hemofiliya və digər hemostaz pozuntularından əziyyət çəkən insanların problemlərini gündəmdə saxlamaq, eyni zamanda cəmiyyətin bu xəstəliklər barədə məlumatlılığını artırmaqdır.
Tədbirlərin təşkilində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Milli QHT Forumu və Pasiyent Təşkilatları İttifaqı kimi qurumlar da iştirak edir.
Zəhra Ağayeva






