Azərbaycanda 17 aprel – Ümumdünya Hemofiliya Günü münasibətilə müxtəlif formatlı tədbirlər keçiriləcək. Bu çərçivədə elmi konfranslar, seminarlar, konsertlər, idman yarışları, eləcə də abidələrin hemofiliyanın rəmzi rəngi olan qırmızı ilə işıqlandırılması və digər sosial layihələr nəzərdə tutulur.

Tədbirlər silsiləsi çərçivəsində xüsusi aksiyalardan biri də ağacəkmə təşəbbüsüdür.

QHT.az bildirir ki, 11 aprel 2026-cı il tarixində TƏBİB, Pirallahı Tibb Mərkəzi və Hemofiliya və Digər Hemostaz Pozuntuları Assosiasiyası-nın birgə təşkilatçılığı ilə Ümumdünya Hemofiliya Gününə həsr olunmuş ağacəkmə aksiyası keçiriləcək.

Aksiyanın əsas məqsədi qanın laxtalanma pozuntularından əziyyət çəkən şəxslərin problemlərini diqqət mərkəzində saxlamaq və cəmiyyətin bu xəstəliklər barədə məlumatlılığını artırmaqdır.

Təşəbbüsə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Pasiyent Təşkilatları İttifaqı kimi qurumlar da dəstək verir.

Zəhra Ağayeva