10 fevral 2026-cı il tarixdə "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası" imzalanmışdır. Bu sənədi Azərbaycan tərəfindən Prezident İlham Əliyev, ABŞ tərəfindən isə vitse-prezident Cey Di Vens imzalayıblar.

QHT.az xəbər verir ki, bu sözləri “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib. Onun sözlərinə görə, Xartiyanın Təhlükəsizlik Əməkdaşlığı hissəsində qeyd olunur ki, “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikasının mina və digər partlayıcı maddələrlə çirklənmə səbəbindən üzləşdiyi ciddi çətinlikləri nəzərə alaraq, maliyyə dəstəyi və texnologiya ötürülməsi vasitəsilə humanitar minatəmizlənmə sahəsində potensialın artırılmasında əməkdaşlıq etmək niyyətindədirlər".

"Birləşmiş Ştatlar höküməti əvvəllər də Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə əməliyyatlarına maliyyə yardımı və texniki dəstək göstərmişdir. Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi ümid edir ki, bu sənədə əsasən göstəriləcək yardım Azərbaycandakı mina və partlamamış hərbi sursatlar probleminin səviyyəsinə adekvat olacaqdır".