"Belçika Azərbaycana işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətlərini dəstəkləmək üçün 250 min avro ayırıb".
QHT.az xəbər verir ki, bu sözləri “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi” adlı layihəsinin yekunlarına dair mətbuat konfransında çıxışı zamanı qeyd edib. Onun sözlərinə görə, bundan başqa Birləşmiş Krallıq höküməti Azərbaycanda minalarla mübarizəyə son üç ildə 1,5 milyon funt sterlinq vəsait ayırmışdır: "1999-cu ildən bəri ABŞ Azərbaycana minalarla mübarizə humanitar proqramlarını dəstəkləmək üçün təxminən 38 milyon ABŞ dolları ayırıb. 2020-ci ilin noyabr ayından bu günə kimi 4.5 milyon ABŞ dolları minalarla mübarizə proqramlarını həyata keçirtmək üçün ayrılıb, əlavə olaraq 2 milyon ABŞ dollarının ayrılması gözlənilir".
QHT sədri həmçinin bildirib ki, Azərbaycan Respublikasında həyata keçirilən minatəmizləmə fəaliyyətinə maliyyə yardımlarının yalnız 4-5%-i beynəlxalq donorların payına düşür. UNDP, UNICEF, UNHCR, Avropa Birliyi, ABŞ Dövlət Departamenti, Böyük Britaniya, Yaponiya İnkişaf Agentliyi, Türkiyə Respublikası tərəfindən bu istiqamətdə müxtəlif sahələr üzrə fəaliyyətlərə maliyyə dəstəyi göstərilib: "Xüsusən qadın minaaxtaran qrupları, minaaxtaran siçovullarla təmizləmə, Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) tədbirləri, texniki dəstək istiqamətində beynəlxalq maliyyə yardımı göstərilmişdir. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır”.
Pərvanə Fərhadqızı












