"Azərbaycan bu gün dünyada minalar və müharibənin partlayıcı qalıqları ilə əraziləri ən çox çirklənmiş ölkələrdən biridir, Ermənistanın Azərbaycana ərazi iddiası nəticəsində 1988-2023 illərdə Ermənistanla olan münaqişə səbəbindən və keçmiş SSRİ-nin Azərbaycanda olmuş hərbi hissələrinin və anbarlarının arzu olunmaz mirası ilə üz-üzədir".
QHT.az xəbər verir ki, bu sözləri “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi” adlı layihəsinin yekunlarına dair mətbuat konfransında çıxışı zamanı qeyd edib. Onun sözlərinə görə, ölkədə mina və partlamamış hərbi sursat (PHS) problemləri ilə bağlı uzun müddət fəaliyyət göstərən Azərbaycan qeyri-hökumət təşkilatı olaraq bu problemin miqyasını və son üç onillikdə əsasən mülki əhalinin ağır itkilərə məruz qaldığını vurğulayıb: "Hesabat MƏAK İB üzvləri tərəfindən aparılan çöl tədqiqatlarına, həmçinin müsahibələrə, sənədlərin və media materiallarının təhlilinə əsaslanır, problemin miqyası və onun həlli üçün görülən işlər bu hesabatda əks olunur".
QHT sədri həmçinin bildirib ki, Azərbaycan İkinci Qarabağ Müharibəsi nəticəsində öz ərazilərini işğaldan azad etdikdən sonra problemin nə qədər böyük olduğu bir daha aydın oldu: "Ermənistanla olan münaqişə səbəbindən didərgin düşmüş yüz minlərlə azərbaycanlı üçün 2020-ci ildəki müharibənin nəticəsi geri qayıdış perspektivini açdı. Lakin çox qısa zamanda məlum oldu ki, bu prosesə böyük maneə var: bu məcburi köçkünlərin geri qayıtmalı olduğu ərazilərin həddindən artıq minalanması və PHS problemidir. Məcburi köçkünlərin münaqişə başa çatdıqdan sonra layiqli şəraitdə öz evlərinə qayıtmaq hüququ beynəlxalq humanitar hüquqda da öz əksini tapmışdır".
Pərvanə Fərhadqızı












