Fələstin prezidenti Mahmud Abbas Misir və İordaniya kəşfiyyat rəhbərləri ilə Fələstindəki hadisələri müzakirə edib.
QHT.az xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-da yer alan xəbərə görə, Abbas işğal altındakı İordan çayının qərb sahilinin Ramallah şəhərində Misir kəşfiyyat direktoru Abbas Kamil və İordaniya Kəşfiyyat İdarəsinin rəisi general-mayor Əhməd Hüsnini qəbul edib.
Kamil və Hüsni Misir prezidenti Əbdülfəttah əs-Sisi və İordaniya kralı II Abdullahın Fələstinə dəstək mesajlarını Abbasa çatdırıblar.
Qahirə və Əmmanın Fələstin rəhbərliyinə və xalqına verdiyi dəstəyin yer aldığı mesajlarda regional etimad və sabitliyin əhəmiyyəti vurğulanıb.
Fələstin prezidenti Abbas da Misir və İordaniya ilə koordinasiyanın davam etdirilməsinin vacibliyini vurğulayıb və onların Fələstin məsələsində göstərdiyi səyləri yüksək qiymətləndirib.
Görüşdə Fələstin Azadlıq Təşkilatının (FAT) İcraiyyə Komitəsinin katibi Hüseyn əl-Şeyx və Fələstin Baş Kəşfiyyatının rəhbəri Məcid Fərəc də iştirak edib.
Misir və İordaniya kəşfiyyat rəhbərlərinin Ramallaha səfərlərinin ABŞ dövlət katibi Antoni Blinkenin bölgədəki təmasları ilə üst-üstə düşməsi diqqət çəkirdi.
İsrailin basqınları ilə İordan çayının qərb sahili və Qüdsdə gərginlik artır
İsrailin ötən həftə işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Cenin Qaçqınlar Düşərgəsinə basqını bölgədə gərginliyi artırıb.
Yanvarın 26-da İsrail ordusunun həyata keçirdiyi basqında 10 fələstinlinin öldürülməsinin ardınca Şərqi Qüdsdə qeyri-qanuni yəhudi məskənində 7 israillinin həyatını itirdiyi hücum olub.
Yanvarın 28-də işğal olunmuş Şərqi Qüdsün Silvan rayonunda 13 yaşlı fələstinlinin silahlı hücumda biri ağır olmaqla iki israillini yaralaması ilə bölgədə şiddət artıb.
Fanatik yəhudi məskunlaşma qrupları İordan çayının qərb sahilində və Şərqi Qüdsdə fələstinlilərə, onların mülklərinə və maşınlarına hücum etmişdilər.
İsrail ordusu və yəhudi köçkünlərin açdığı atəş nəticəsində ilin əvvəlindən aralarında qadın və uşaqların da olduğu 35 fələstinli həlak olub.












