Azərbaycanda şənbə-bazar günləri koronavirusla əlaqədar tətbiq edilən sərt qaydalara münasibətdə çoxsaylı dəyərləndirmələr aparılır. Xüsusilə, asayişi qoruyan polislərlə bağlı müzakirələr daha çox gündəmi zəbt edib.

Buna ən çox səbəb də Bakının Yasamal rayonunda karantin qaydalarını pozanların qarşısını almaq istəyən polislərə qarşı göstərilən münasibət oldu. Xarici dairələrlə əlaqələri olan media orqanlarında, o cümlədən, sosial şəbəkələrdə bəzi qruplar qara piar kampaniyası aparmağa cəhdlər edirlər. Bütün bunlar qınanır, sərt təpkilər görür.

Məsələyə cəmiyyətin tanınmış simaları tərəfindən mövqelər sərgilənir.

Mövzu ilə əlaqədar Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli Musavat.com-a danışıb.

Onun sözlərinə görə, bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirusla bağlı ciddi tədbirlər görülür:

“Ölkəmizdə görülən işləri cəmiyyətin bütün təbəqələri dəstəkləyir. Həm polislərimizə, həm səhiyyə işçilərimizə, həm də bu işlə məşğul olan digər şəxslərə xüsusi təşəkkürlər bildirilir. Virusla mübarizədə polislərimiz, səhiyyə işçilərimiz öz sağlamlıqlarını təhlükə altına atdılar. Polislərimiz asayişimizin, tibb işçilərimiz isə sağlamlığımızın keşiyində dayanırlar. Polisə qarşı bəzən hörmətsizlik edilir. Bu, bütövlükdə dövlətə, cəmiyyətə qarşı hörmətsizlikdir. Belə vətəndaşların olması təəssüf hissi doğurur. Nəzərə alınmır ki, virusa qarşı dünyanın hər yerində bu cür mübarizə aparılır. İnsanlar qanunun tələblərinə əməl etməlidirlər. Kimsə deyə bilməz ki, tətbiq edilən qaydalardan xəbərim yoxdur. Qaydalara hörmətlə yanaşılmalıdır. Məgər həftənin ilk günləri kimsə saxlanır ki, küçəyə çıxmısan? Demək, məlum günlər dövlətin qəbul etdiyi qərardır. Bütün ölkə vətəndaşları bu qərara tabedirlər. Bu qərar bizim hamımızın sağlamlığı üçündür. Ona görə də, belə qərarlara hörmətlə yanaşılmalıdır. Qanunu pozanlar mütləq cəzalandırılmalıdır. Həmin şəxslər ilk növbədə dövlətə və polisə hörmətsizlik ediblər, özlərinin, yaxınlarının sağlamlıqlarına ciddi yanaşmayıblar. Sosial şəbəkələrdə müxtəlif fotolar yayıldı. Kimisi samovar qaynadır, yaxud kabab çəkir və bunu qəhrəmanlıq hesab edirlər. Bunların çoxu orta məktəbdə dərsdən qaçmağı qəhrəmanlıq hesab edən insanlardır. Azərbaycanda polisin insanlara davranışı dünyanın aparıcı ölkələrində belə yoxdur. Amma bununla belə, bu cür xoşagəlməyən hadisələr yaşanır. Polis çalışır ki, insanların təhlükəsizliyini və sağlamlığını qorusun. İctimai qınaq məsələsini daha çox önə gətirməliyik”.

E.Həsənli Azərbaycan polisinin daim vətəndaşın yanında olduğunu qeyd edib:

“Polis həmin gün bacısı rəhmətə gedən bir vətəndaşa kömək etdi. Bir hamilə qadına da kömək olundu və həmin insan maşında uşaq dünyaya gətirdi. Biz sevinməliyik ki, müstəqil dövlətimizin polisləri bizləri qoruyur. Ona da daha çox sevinməliyik ki, koronavirusdan ən az itki ilə çıxan ölkələr sırasında Azərbaycan da var. Dövlət əlindən gələni edir ki, vətəndaşın sağlamlığı qorunsun. Barmaqla sayılacaq insanlar var ki, öz qrup maraqlarını müdafiə edirlər. Onların heç bir əhəmiyyətləri yoxdur”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”