6 iyul – Dünya Kənd İnkişafı Günü münasibətilə danışan Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin sədri bildirib ki, kənd təsərrüfatının inkişafı həm ərzaq təhlükəsizliyinin təmin olunması, həm də regionların sosial-iqtisadi inkişafı baxımından strateji əhəmiyyət daşıyır.

QHT.az xarici mediaya istinadən bildirir ki, Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin sədri 6 iyul – Dünya Kənd İnkişafı Günü ilə bağlı açıqlamasında qeyd edib ki, kənd təsərrüfatının gücləndirilməsi ölkə iqtisadiyyatına mühüm töhfə verir.

Onun sözlərinə görə, ilk növbədə orqanik məhsulların, süd və süd məhsullarının, eləcə də ət məhsullarının istehsalının artırılması daxili bazarın ərzaq təminatının möhkəmləndirilməsi baxımından vacibdir.

Sədr vurğulayıb ki, kənd əhalisinin şəhərlərə miqrasiyasının qarşısının alınması üçün kənd yerlərində məşğulluq imkanları genişləndirilməli, vətəndaşlar özlərinə məxsus torpaq sahələrindən səmərəli istifadə etməlidirlər. Bu istiqamətdə icmaların fəaliyyətinin gücləndirilməsi və kənd təsərrüfatı kooperativlərinin yaradılmasına dəstəyin artırılması da mühüm əhəmiyyət daşıyır.

O bildirib ki, ailə təsərrüfatı ənənələrinin yenidən bərpası kənd təsərrüfatının davamlı inkişafına töhfə verə bilər:

“Əvvəllər ailə təsərrüfatları fəaliyyət göstərirdi və bu təsərrüfatlar nəsildən-nəslə ötürülürdü. Son illər bu ənənə zəifləyib. Hesab edirəm ki, onun yenidən bərpasına ehtiyac var.”

Ekspertin sözlərinə görə, kənd təsərrüfatının inkişafı kənd əhalisinin sosial rifahının yüksəldilməsinə, yeni iş yerlərinin yaradılmasına və ölkə iqtisadiyyatının möhkəmlənməsinə xidmət edir. Bu məqsədlə əhali arasında maarifləndirmə işləri genişləndirilməli, aqronom və baytar kimi ixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirilməlidir.

O, həmçinin müasir texnologiyaların tətbiqinin, yeni suvarma sistemlərinin qurulmasının və torpaqların əkinə düzgün hazırlanmasının məhsuldarlığın artırılmasında mühüm rol oynadığını qeyd edib.

Sədr əlavə edib ki, kənd təsərrüfatının inkişafına dövlət səviyyəsində xüsusi diqqət göstərilir və bu istiqamətdə verilən tapşırıqların icrası sektorun daha da güclənməsinə şərait yaradacaq.

Onun fikrincə, görüləcək tədbirlər nəticəsində daxili bazarın yerli məhsullarla təminatı genişlənəcək, eyni zamanda kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxış imkanları da artacaq.

Zəhra Ağayeva