Deputat Vüqar Bayramov özünün son paylaşımında Azərbaycanda turizm sektorunun inkişafı və bölgələr arasındakı fərqlərə diqqət çəkib. Bayramov, statistik məlumatlara əsaslanaraq, ölkəmizə gələn turistlərin əksəriyyətinin Bakı şəhərinə üstünlük verdiyini və bölgələrdə turizm potensialının hələ də tam inkişaf etmədiyini vurğulayıb.
QHT.az xəbər verir ki, onun sözlərinə görə, Azərbaycana gələn turistlərin 82.5 faizi Bakı şəhərinə üstünlük verir: "Bu, ölkəyə gələn hər 10 turistdən yalnız 2-nin bölgələrə getdiyini göstərir. Qusarda 5.0 faiz, Qəbələdə 3.9 faiz, Naftalanda 3.6 faiz, Qubada 2.9 faiz, Şabranda 0.5 faiz, digər şəhər və rayonlarda isə 1.6 faiz qeydə alınıb. 2024-cü ilin birinci yarısında hotellərdə gecələmələr 35.8 faiz artaraq 1 milyon 852 min olub. Bu gecələmələrin 66.5 faizi Bakıda, 5.3 faizi Qusarda, 4.4 faizi Naftalanda və digər bölgələrdə isə daha aşağı faizlərlə qeydə alınıb. 2023-cü ilin eyni dövrü ilə müqayisədə əcnəbi turistlərin gecələmələri 37.1 faiz artaraq 1 milyon 81 min olub. Bu gecələmələrin 58.4 faizi müxtəlif ölkələrdən olan turistlərə aiddir".
V.Bayramov, bölgələrin turizm potensialını artırmaq üçün daha çox tədbir görülməsi və regionlarda turizm xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması zəruriliyini qeyd edib.
Pərvanə Fərhadqızı










