Bəzi insanlar digərləri ilə müqayisədə daha az yuxuya ehtiyac duyur. Lakin insanın həqiqətən az yuxu ilə kifayətlənənlərdən biri olub-olmadığını müəyyən etmək o qədər də asan deyil.

QHT.az xarici mediaya istinadən bildirir ki, Kolorado Universitetinin immunologiya professoru Aimee Pugh Bernard xatırlaya bildiyi qədər həmişə az yatıb. O, adətən saat 22:00-da yatır, səhər 04:30-da isə oyanır. Bəzən cəmi beş saat yatmasına baxmayaraq, gün ərzində özünü enerjili hiss edir. Səhər idman edir, iti ilə gəzir və saat 08:00-dan əvvəl işə başlayır. Maraqlıdır ki, onun atası və qardaşı da eyni yuxu rejiminə malikdir.

Alimlər uzun müddət insanların yuxuya olan ehtiyacındakı fərqlərin səbəbini araşdırıblar. Son illərdə aparılan tədqiqatlar göstərib ki, bu fərqlərdə genetikanın mühüm rolu var. Bəzi insanlarda rast gəlinən nadir genetik mutasiyalar onların daha az yatmaqla özlərini gümrah hiss etməsinə imkan verir.

Tədqiqatçılar hesab edirlər ki, bu kəşflər gələcəkdə yuxu pozğunluqlarının müalicəsində və az yuxu ilə işləməli olan hərbçilərə kömək məqsədilə istifadə edilə bilər. Bununla belə, alimlər az yuxunun sağlamlığa mənfi təsirlərindən qoruyan genetik mexanizmləri daha dərindən öyrənməlidirlər. Əks halda, gözlənilməz yan təsirlərə səbəb olan müalicə üsulları yarana bilər.

London Kral Kollecinin genetiki Isabelle Austin-Zimmerman bildirir ki, geniş yayılmış genetik dəyişikliklərin hər biri yuxu müddətinə cəmi bir dəqiqəlik təsir göstərə bilər. Lakin bu dəyişikliklər birlikdə daha böyük nəticə yaradır. Onun sözlərinə görə, genetik fərqlər insanlar arasında yuxu müddətində təxminən 20 dəqiqəlik fərqə səbəb ola bilər.

Bu genetik xüsusiyyətlərin insanları az yatmağın mənfi təsirlərindən qoruyub-qorumadığı isə hələ kifayət qədər araşdırılmayıb.

University College London-da aparılan bir araşdırmada doğuş etmiş bipolyar pozuntulu 343 qadının genetik göstəriciləri təhlil edilib. Tədqiqatçılar onların qısa yuxuya genetik meyilliliyini qiymətləndiriblər. İlkin nəticələr göstərib ki, bəzi qadınlar həyatlarının erkən dövrlərindən yuxu çatışmazlığına daha yüksək dözümlülük qazanmış ola bilərlər. Bu xüsusiyyət doğuşdan sonrakı dövrdə yuxu pozuntusunun əhvala təsirini azalda bilər.

Bernard isə nadir genetik dəyişikliklərdən birini daşıdığını öyrənməyin ona müəyyən rahatlıq verdiyini deyir. O, insanlar arasında yuxu ehtiyacı da daxil olmaqla, təbii fərqlərin olduğunu qəbul edir. Professor səhər saatlarında qazandığı əlavə vaxtın işlərini daha tez görməsinə imkan yaratdığını və bundan məmnun olduğunu bildirir.

Bununla yanaşı, Bernard az yatmasının genetik xüsusiyyətlərlə, yoxsa eyni vaxtda çoxsaylı işlərlə məşğul olması ilə əlaqəli olduğunu hələ də düşünür.

Zəhra Mansırova