Cəbrayıl şəhəri 2020-ci il oktyabrın 4-də Ermənistan silahlı qüvvələrinin işğalından azad edilib.
QHT.az xəbər verir ki, Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 4-ü ölkəmizdə Cəbrayıl Şəhəri Günü kimi qeyd olunur.
Qeyd edək ki, Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan bizim digər rayonlara uğurlu əks hücumunuz mümkün olmuşdur. Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçdi. Azad olunan ərazilərdə dərhal bərpa quruculuq işlərinin həyata keçirilməsinə başlanıldı.Həyata keçirilən bütün bu işlər Azərbaycan dövlətinin iqtisadi, siyasi gücününün növbəti təzahürüdür. Bu gün bütün dünyanın gözü Azərbaycanın işğaldan azad olunan ərazilərdə gördüyü işləri heyranlıqla izləyir. İşğaldan azad olan ilk rayon mərkəzi kimi Cəbrayıl şəhəri tarixə düşdü.
Cəbrayılın azad edilməsi uğrunda canlarını fəda etmiş şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə Allahdan şəfa diləyirik.
Pərvanə Fərhadqızı










