2023-cü ilin 9 oktyabr tarixindən etibarən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyevin rəhbərliyi ilə fakültənin müəllim və tələbə heyətinin Avropa Şurasının təşkilatçılığı ilə Strasburq şəhərinə Avropa Şurasının mənzil-qərargahına təlim səfəri başlayıb.

 

QHT.az  E-huquq.az-a istinadən  xəbər verir ki, səfər Yaxşı İdarəetmə üçün Avropa İttifaqı və Avropa Şurası Tərəfdaşlığı: “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” layihəsi çərçivəsində təşkil olunub.

 

Təlim səfəri çərçivəsində müəllim və tələbə heyətinin Avropa Şurasının departament və bölmə rəhbərləri, İnsan hüquqları üzrə komissarlığın nümayəndələri, Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycandan olan hakimi Lətif Hüseynov, Türkiyədən olan hakim Saadet Yüksellə görüşləri, Avropa Şurasının ekspertləri tərəfindən mühazirələrin keçirilməsi, həmçinin Avropa Şurası Parlament Assambleyasının sessiyasında iştirak nəzərdə tutulub. Təlim səfəri çərçivəsində müəllim və tələbələrin Strasburq universitetinin Hüquq məktəbinə səfəri, Hüquq məktəbinin dekanı ilə görüş, Məktəbin fəaliyyəti və tədris prosesi ilə tanışlıq, həmçinin Hüquq məktəbinin professorlarının mühazirələrinin dinlənilməsi nəzərdə tutulub. Zəngin proqrama malik təlim səfəri ilk dəfədir həyata keçirilir.

 

Təlim səfərində Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müəllimi, layihənin eksperti Gülnaz Rzayeva, Azərbaycan bölməsinin 3-cü kurs tələbəsi Nizami Mehralıyev, rus bölməsinin 2-ci kurs tələbələri, Prezident təqaüdçüləri Həmidə Sadıqova, Nəzrin Sadıqova, 4-cü kurs tələbəsi Eltac Allahyarlı, ingilis bölməsinin 4-cü kurs tələbəsi Səyad Ələkbərov, SABAH qrupunun 4-cü kurs tələbələri Nigar Rəhimli, Nihad Rəhimli iştirak edirlər. Tələbələr esse müsabiqəsi əsasında Avropa Şurası tərəfindən seçiliblər.

 

Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov təlim səfərinin açılış mərasimində iştirak etmiş, Azərbaycanın Avropa Şurası ilə əməkdaşlıq istiqamətləri haqqında məlumat vermiş, təlim səfərinin əhəmiyyətini vurğulamış, müəllim və tələbələrə uğurlar arzulayıb.

 

Avropa Şurasının Qadınlara qarşı zorakılıq departamentinin rəhbəri Carolina Lasen-Diaz tərəfindən açılış nitqi ilə başlayan səfərin ilk günündə Gender bərabərliyi bölməsinin rəhbəri Marta Becerranın moderatorluğu ilə gender istiqamətləri, gender bərabərliyi üzrə məsləhətçi Cecile Grebovalın və Gender Bərabərliyi bölməsinin layihə meneceri Anna Lungunun çıxışları tələbələr tərəfindən maraqla qarşılanıb. Tələbələrin çoxsaylı sualları cavablandırılıb, eləcə də interaktiv formada müzakirələr aparılıb. Hüquq fakültəsinin tələbələrinin təşəbbüsü ilə keçirilən sosial layihələr ekspertlər tərəfindən rəğbətlə qarşılanıb.

 

Sonda dekan Zaur Əliyev Hüquq fakültəsinin Avropa Şurası ilə əməkdaşlığı haqqında ətraflı məlumat verərək, layihənin təşkili ilə əlaqədar öz təşəkkürünü bildirib.

 

Səfərin ilk günündə təlimdən sonra Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov tərəfindən nümayəndəlikdə müəllim və tələbə heyəti üçün qəbul təşkil edilib. Səmimi görüş zamanı tələbələr üçün Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığı kontekstində faydalı məlumatların mübadiləsinə imkan yaradılıb.

 

Təlim səfəri davam edir.