Noyabrın 6-da Bakı Ali Neft Məktəbi ilə Mediasiya Şurası arasında səmərəli əməkdaşlığın nəticəsi olaraq Bakı Ali Neft Məktəbinin tələbələri ilə görüş keçirilib.
QHT.az xəbər verir ki, Bakı Ali Neft Məktəbinin Karyera və tələbələrlə iş şöbəsinin mütəxəssisi Fəyyaz Həsənli çıxış edərək ölkəmizdə aparılan mediasiya islahatları barədə danışıb, Mediasiya Şurası və Bakı Ali Neft Məktəbi arasında olan əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Görüşdə Mediasiya Şurasını Bakı 18 saylı Mediasiya Təşkilatı təmsil edib. Bakı 18 saylı mediasiya təşkilatının rəhbəri Sadiq Bağırov, təşkilatın mediatorları Gültəkin Məmmədova və Qəndab Fərəcova tələbələrlə mediasiya ilə bağlı maarifləndirici çıxışlar edib və günümüzdə mediasiyanın rolu və əhəmiyyəti müzakirə olunub, tələbələrlə müxtəlif kazuslar müzakirə edilib və tələbələri maraqlandıran suallar cavablandırılıb. Sonda tədbir iştirakçılarına Mediasiya Şurası tərəfindən nəşr edilmiş maarifləndirici materiallar təqdim edilib.
Qeyd edək ki, Mediasiya Şurası "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddəsinə əsasən yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. Azərbaycan Respublikasındakı bütün mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının Mediasiya Şurasının üzvü olması tələb olunur.
Pərvanə Fərhadqızı












