II Afrika Şəhərsalma Forumu (AUF2) çərçivəsində Qlobal Cənub QHT Platformasının təşkilatçılığı, Azərbaycan Şəhərsalma Kampaniyası və Azərbaycanın QHT Agentliyinin tərəfdaşlığı ilə “AUF2-dən WUF13-ə və ondan sonrakı dövrə: Afrikada Davamlı Şəhər İnkişafı üzrə QHT Forumu” yan tədbir təşkil olunub.
 

QHT.az xəbər verir ki, Qlobal Cənub QHT Platformasının Katibliyinin nümayəndələri Fuad Kərimli və Nədimə Rəhimli bildiriblər ki, dünya əhalisinin 80%-nin yaşadığı – Latın Amerikası, Afrika, Asiya, Okeaniya və Avstraliyanı əhatə edən Qlobal Cənubun çox zaman beynəlxalq qərarların qəbulunda kənarda qalması, həlledici anlarda öz taleyinin sahibi ola bilməməsi reallıqdır. Bu mənada Qlobal Cənub QHT Platforması qlobal təklənməyə qarşı birləşmək zərurətinin aydın təzahürüdür.

Qeyd olunub ki, 2025-ci ilin aprelində 116 ölkədən QHT-lərin iştirakı ilə Bakıda təsis edilmiş Qlobal Cənub QHT Platforması qısa dövr ərzində böyük inkişaf yolu keçib. F.Kərimli “UN Habitat”a AUF2 pavilyonunda yeganə qeyri-dövlət tədbiri kimi Qlobal Cənub QHT Platformasının yan tədbirinin keçirilməsinə şərait yaradılmasına görə minnətdarlıq edib.

O, vurğulayıb ki, 2026-cı il mayın 14-də “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində ilk dəfə Qlobal Cənub QHT Platformasının Baş Assambleyası Azərbaycanda keçiriləcək. Qlobal Cənub QHT Platformasının Katibliyinin nümayəndələri bu qlobal tədbirin qızğın hazırlıq işlərinin getdiyini diqqətə çatdırıblar.