Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı olan Eldar Tağızadə 1963-cü ilin bu günü Bakı şəhərində anadan olub.

QHT.z xəbər verir ki, orta məktəbi bitirən Eldar Bakı Dövlət Universitetinə daxil olub və 1985-ci il buranı fərqlənmə diplomu ilə bitirib. Daha sonra polis olmaq istəyən Eldar Səbail rayon polis idarəsində çalışmağa başlayıb. Cəsur polis işçisi Birinci Qarabağ müharibəsi dövründə tez-tez cəbhəyə yollanıb və girovların azad edilməsində iştirak edib. 1991-ci ildə ona kapitan rütbəsi verilib və DİN-nin Terrorizmə və Banditizmə Qarşı Mübarizə İdarəsinin rəis müavini təyin edilib. 3 iyun 1992-ci ildə Eldar Tağızadə “Şaka” ləqəbli təhlükəli qatili və onun dəstəsini zərərsizləşdirmək üçün yenidən Qarabağa göndərilib. Əməliyyata rəhbərlik edən Eldar Tağızadə özünü təhlükəyə altına ataraq əlverişli məqam seçib “Şaka”nın gizləndiyi binaya daxil olub. Eldarın silahsız olduğunu görən qatil qəfil olaraq Eldarın sinəsinə atəş açıb və cəsur polis qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 1992-ci il tarixli 162 saylı Fərmanı ilə Tağızadə Eldar Abdulla oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Dərin ehtiramla yad edirik! Ruhu şad olsun!

 

Pərvanə Fərhadqızı