Gənc Vətənpərvərlər İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Gənclər arasında Konstitusiya və Suverenlik İli”nin ideya və mahiyyətinin təbliğində vətənpərvərlik” adlı layihə çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetində “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirib.
QHT.az xəbər verir ki, tədbirdə layihə rəhbəri Müqamət Əliyev, tələbələr, “Gənc Vətənpərvərlər” İctimai Birliyinin İdarə Heyətinin üzvləri və könüllülər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndərin və torpaqlarımızın müdafiəsi uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Layihə rəhbəri Müqamət Əliyev iştirakçıları salamlayaraq layihə çərçivəsində keçirilən tədbirlər və onların mahiyyəti barədə məlumat verib.
Çıxışında M. Əliyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi kimi tarixi rolu böyükdür. Onun rəhbərliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci ildə Milli Məclis tərəfindən qəbul edilən Konstitusiya Azərbaycanın hüquqi dövlət quruculuğu prosesində mühüm mərhələ olub.
Qeyd olunub ki, bu sənəd müstəqil Azərbaycan Respublikasının hüquqi əsaslarını müəyyənləşdirərək ölkənin demokratik inkişafına zəmin yaradıb. Konstitusiya Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini təsbit edən əsas hüquqi sənəddir. Eyni zamanda hakimiyyət qolları arasında qarşılıqlı əlaqələri müəyyən edərək demokratik idarəetmə sisteminin formalaşmasına töhfə verib.
Tədbirdə çıxış edən Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin məşqçisi Asif Həsənov vurğulayıb ki, 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil edir.
O bildirib ki, bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün mühüm hüquqi baza rolunu oynayır. Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması əsas məqsədlərdən biri kimi bəyan edilib.
Digər çıxış edənlər də Azərbaycanın bölgənin ən güclü və qalib dövləti kimi mövqeyini daha da möhkəmləndirdiyini qeyd ediblər.
Tədbirin sonunda Asif Həsənov gənclər arasında vətənpərvərlik tərbiyəsinin təbliği, milli-mənəvi dəyərlərin aşılanması istiqamətində göstərdiyi xidmətlərə görə Fəxri Diplomla təltif olunub.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.






