Azərbaycan Respublikasında Memarlıq, inşaat elminə və tədrisin inkişafına yardım xeyriyyə fondu Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra etdiyi “Qarabağ bölgəsinin tarixi-memarlıq abidələrinin təbliği məqsədi ilə gənc memar tələbələr arasında maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin icrasına başlamışdır. Layihənin əsas məqsədi gənc memar tələbələrin Qarabağ bölgəsinin tarixi-memarlıq abidələri haqqında məlumatlılığının artırılması, onların qorunub saxlanması və gələcək nəsillərə ötürülməsində gənclərin məsuliyyətinin artırılması və bu abidələrin beynəlxalq aləmdə təbliğinə xidmət edən maarifləndirmə tədbirlərinin təşkilidir.
Bu məqsədə nail olmaq üçün layihədə ən əvvəl gənclərin bu bölgənin tarixi-memarlıq abidələri haqqında bilgilərini artırmaq üçün 2 saatlıq seminarlar təşkil olunacaq. Eyni zamanda bu bölgənin tarixi-memarlıq abidələri haqqında geniş məlumat və bu tarixi abidələrin milli-mənəvi dəyərlərin formalaşmasında rolu, milli mədəni irsimizin qorunub saxlanmasında və gələcək nəsillərə ötürülməsində gənclərin məsuliyyəti kimi məsələləri özündə əks etdirən 1500 nüsxə bukletin çap edilərək paylanılması təşkil ediləcək. Sonra isə “Qarabağ bölgəsinin tarixi abidələrini tanıyaq və onu təbliğ edək” devizi altında Ağdam və Şuşa səhərlərinə səyahətlər təşkil ediləcək. Səyahətdən sonra bu tarixi abidələrimizi öz gözləri ilə görmüş gənc memar tələbələr çəkdikləri foto şəkilləri, videoları sosial şəbəkələrdə yaymaqla geniş dünya ictimaiyyətini məlumatlandıracaq və maarifləndirmə kampaniyasını həyata keçirəcəklər. Sonda məlumatlandırma-maarifləndirmə koompaniyasının qalibləri təşkil olunmuş komissiya tərəfindən qiymətləndirilməklə 1-ci, 2-ci və 3-cü yerin qalibləri müəyyən ediləcək. Qalib olan gənc memar tələbələr qiymətli mükafatla və qalan iştirakçılar isə fəxri fərmanlarla təltif olunacaqdır.
15 aprel 2022-ci il tarixdə Azərbaycan Memarlıq və İnşaat Universitetində “Qarabağın tarixi-memarlıq irsi” mövzusunda ikinci seminar keçirilmişdir. Tədbiri açıq elan edən Fondun icraçı direktoru O.Ə.Naqdiyev əvvəlcə fondun tarixi, fəaliyyət istiqamətləri, bu günə qədər həyata keçirilən layihələr barədə ümumi məlumat verdikdən sonra hal-hazırda fond tərəfindən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunan “Qarabağ bölgəsinin tarixi-memarlıq abidələrinin təbliği məqsədi ilə gənc memar tələbələr arasında maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin məqsədi, əhəmiyyəti və fəaliyyət planı barədə seminar iştirakçılarına ətraflı məlumat verdi.
Sonra söz AzMİU-nun kafedra müdiri, professor Nurməmməd Məmmədova verildi. O, öz çıxışında Qarabağ və Şərqi Zəngəzur bölgəsinin coğrafi, iqtisadi, ekoloji əhəmiyyəti, həmin ərazilərdə icrasına başlanılan bərpa və yenidənqurma layihələri barədə ətraflı məlumat verdi. Sonra çıxış üçün söz tədbirin əsas mövzusuna uyğun olaraq AzMİU-nun kafedra müdiri, professor, əməkdar memar Səbinə Hacıyevaya verildi. Professor Səbinə Hacıyeva Qarabağ bölgəsində yerləşən bütün tarixi-memarlıq abidələrinin tarixi, həmin abidələrin işğala qədərki vəziyyəti, 30 illik işğal müddəti ərzində məruz qaldığı dağıntılar və ya saxtalaşdırma cəhdləri barədə tələbələrə ətraflı məlumat verdi.
Seminarda iştirakçılara mövzu ilə bağlı layihə çərçivəsində çap edilmiş bukletlər və seminar materialları təqdim edildi.
Azərbaycan Respublikasında Memarlıq, inşaat elminə və tədrisin inkişafına yardım xeyriyyə fondu 09.08.2002-ci il tarixində AR-nın Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatına alınmışdır.
Təşkilatın məqsədi, respublikamızdakı tarixi-memarlıq və mədəniyyət abidələri haqqında geniş məlumat toplamaq və bu tarixi abidələrin milli-mənəvi dəyərlərin formalaşmasında, milli mədəni irsimizin qorunub saxlanmasında və gələcək nəsillərə ötürülməsində hər bir vətəndaşımızın məsuliyyəti kimi məsələləri təbiğ etmək, memarlıq və inşaat sahələri üzrə həm təhsildə, həm də bilavasitə istehsalatda və əmək bazarında mövcud olan problemləri öyrənmək, onların həll yollarını araşdırmaq və maarifləndirmə tədbirləri həyata keçirməkdir.












