"İki həftədən artıqdır ki, Şuşa-Xankəndi yolunda Qarabağda uzun illərdən bəri törədilən ekoloji fəlakətlərə, təbii ehtiyatlarımızın talan edilməsinə, qaçaqmalçılıq yolu ilə əlvan metal yataqlarımızı qarət edənlərə və onların havadarlarına dinc etiraz aksiyası keçirilir." Bu sözləri QHT.az saytına "Medical Media" şirkətinin direktoru, fəal ictimaiyyətçi Günay Kazımova bildirib: "Əlbəttə, Azərbaycan ərazisində həyata keçirilən bu cinayətkarlığa göz yummaq mümkün deyil, bizi ciddi narahat edir. Məlum olduğu kimi, Azərbaycan dövlətinin təbii ehtiyatları olan “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqları qeyri-qanuni olaraq istismar edilir. Haqlı olaraq vətəndaşlarımızın aksiya ilə bağlı sərgilədiyi mövqe bütün Azərbaycan xalqının haqlı mövqeyini ehtiva edir.
Cənab prezident İlham Əliyevin çıxışlarından birində qeyd etdi ki, "Laçın yolunda baş verən hadisə gün kimi aydındır. Bu, bizim legitim hüququmuzdur. Bizim təbii sərvətlərimiz istismar edilir, təbii sərvətlərimiz daşınır. O təbii sərvətlərimizi istismar edənlər istənilən beynəlxalq hüquqi normaya görə cinayətkardırlar". Təbii ki, cinayətkarlığa göz yummaq olmaz.
Hər birimiz tutduğumuz mövqedən, vəzifədən asılı olmayaraq Şuşa-Xankəndi yolunda QHT nümayəndələrinin başlatdığı dinc aksiyanı dəstəkləmək hər şeydən öncə bizim vətəndaşlıq borcumuzdur. Etiraz aksiyasının genişlənməsi, müxtəlif sferaların nümayəndələrinin, o cümlədən ictimai fəalların, ekoloqların, işgüzar qadınların, xanım sahibkarların bu aksiyaya qoşulması birliyimizin göstəricisidir. Mən də bir ictimaiyyətçi olaraq bütün varlığımla, bacarığımla aksiya iştirakçılarının yanındayam və bundan qürur duyuram."












