Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü, iqtisadçı-ekspert Aslan Əzimzadə QHT.az-a özəl açıqlamasında son illərdə ölkədə sosial siyasət çərçivəsində həyata keçirilən dərin islahatları yüksək qiymətləndirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin siyasi iradəsi ilə son altı il ərzində sosial siyasətin hüquqi bazasında ciddi təkmilləşdirmələr aparılıb:
"Əmək münasibətləri ilə bağlı qanunvericilik aktları dünya standartlarına uyğunlaşdırılıb və bu proses davamlıdır. Minimum əmək haqqı, məzuniyyət hüquqları, gender bərabərliyi və uşaq əməyinin istismarının qarşısının alınması sahəsində qanunvericilik mütərəqqi yanaşmalarla inkişaf etdirilir. Təbii ki, burada uşaq əməyinin istismarı məsələlərdə ön plandadır ki, bu istiqamətdə də ölkəmizdə aparılan qabaqlayıcı və mütərəqqi qanunvericilik bazası sözügedən problemin də həll olunmasına imkan verməkdədir" .
Ekspert vurğulayıb ki, Əmək Məcəlləsində aparılan dəyişikliklər Azərbaycanın sosial siyasət sahəsində əldə etdiyi nailiyyətlərin əsas göstəricilərindən biridir. O, beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələsinə də diqqət çəkib:
"Dünya Bankının "Business Ready" hesabatı kimi beynəlxalq sorğularda iştirakın vacibliyi önəmlidir. Sorğu iştirakçıları sosial qanunvericiliklə daha yaxından tanış edilməli, bu sahədə maarifləndirmə artırılmalıdır ki, ölkəmizin nailiyyətləri daha geniş şəkildə tanıdılsın".
Pərvanə Fərhadqızı










