Valideyn üçün uşaqların ən məsuliyyətli dövrü məhz körpə çağlarını adladığı dönəmdir. Bu zaman artıq uşağın tərbiyəsi istiqamətində xeyli götür-qoy edən valideynlər tərəddüd qarşısında qalırlar. Valideynlər uşaqların inadkarlığından tez-tez şikayət edirlər.
Dəfələrlə şahidi oluruq ki, uşaq alış-veriş mərkəzlərində ayağını yerə döyüb ağlaya-ağlaya valideynindən nəsə almasını istəyir, çıxmaq istəmir, nəyisə göstərir. Bu hər yaş qrupuna aiddir, əsasən körpəlikdən məktəbəqədər dövrdə, hətda bəzən 8 yaşında uşaqlarda da bu hal yaşanır. Valideynləri narahat edən bütün problemlərin real həlli mütləq var. Bəs mütəxəssislər bu haqda nə deyir? Belə olan halda valideyin nə etməli?
Azərbaycan Təhsil Psixoloqları İctimai Birliyinin üzvü, psixoloq Gülşən Nəhmətova QHT.az - a açıqlamasında bildirib ki, vəziyyət baş veribsə, demək əvvəldən valideyin görüləcək tədbirləri görməyib: “Uşaqlar ağ səhifə kimidir. Təbii ki, ora nə yazsan, gələcəkdə də onunla rastlaşacaqsan. Başqa bir deyimdə isə bildirilir ki, uşaq evin güzgüsüdür. Yəni evdə valideynlər necə davranırlarsa, uşaqlar da onları eynilə əks etdirir. Çölə çıxmamışdan əvvəl gedəcəkləri yerin qaydaları, orada nəyi necə edəcəkləri barədə uşaqla söhbət etmək lazımdır. Uşaqla birlikdə marketə gedəndə artıq uşaq özünü necə apara bilməlidir. Kiçik yaşlı uşaqdırsa büdcəyə uyğun bir şey almaq olar".
Psixoloq həmçinin qeyd edib ki, böyük yaş qrupundadırsa uşaq onun təfəkkürünə uyğun evdən çıxanda valideyin müəyyən söhbət aparmalıdır. Bu təkrar-təkrar ounmalıdır ki, uşaqlarda alışqanlıq yaratsın. O dərk eləsin ki, marketdə özünü necə aparmalıdır. 4 yaşdan yuxarı uşaqlarda isə valideyin uşaqla birlikdə evə nə lazımdırsa siyahı tutur. Dolabları, soyuducunu açıb baxmalıdır ki, evdə nə var, nə yox. Belə olan halda uşaq gələcəkdə sərbəst alış-veriş etməyə, evdə nəyin lazım olduğunu, nəyin lazım olmadığını öyrənməyə başlayır və bu onda alışqanlıq yaranır. Siyahı yazılanda uşağın da fikri əsas götürülür. Hərdən uşaq istədiyini almaq olar, amma bu davamlı təkrarlanmamalıdır”.
Pərvanə Fərhadqızı












