Milli musiqisiz zövq
Etiraf edək ki, bugünkü dinləyici sanki özünü məğlub olunmuş hesab edir. Kortəbii olaraq zövq almağa meyllilər bunu dövrün tələbatı ilə əlaqələndirirlər.
Musiqi ucuz, mənasız söz, cır, cılız səs yığını və bu səslərin mexaniki hərəkətinin ifadəsi deyil. Gənclərin musiqi duyumu, incəsənət anlamı onların hansı “ulduz”un tabeliyində olmasından asılıdır. Eyni, oxşar “repertuar”lı, sanki bir-birini yamsılayan bu “elitstar”ların ifa etdikləri hay-küylü, gurultulu “dambadaram”larından sonra hətta güclü adamın enerjisi tükənir, musiqiyə olan-qalan “iştahası” da qaçır.
Dükan-bazar, ictimai nəqliyyat, dayanacaqlar və s. yerlərdə aləmi başına alan “səs”lər (musiqi deməyə dilim gəlmir) və bu səslərdəki “personaj”lar əksər gənclərimizin “qəhrəmanlıq motivi”nə çevrilib. Hələ bəzi televiziya kanallarındakı “əttökən” şou, əyləncə verlişlərində “telebülbül”lərin ifasında səslənən bayağı mahnıları demirəm.
Uzun illərdir şəxsi mənfəətləri naminə, sağlam zövqü korlamaq məqsədilə sərbəst, azad “musiqi təbliği” (xalturası) ilə məşğul olanlara qarşı mübarizə üsullarından danışırıq. Amma hələ də qəti qərar qəbul edə bilmirik.
Bəs nə vaxta qədər məktəbli qoçaqlarımız cib telefonlarında, cavan beyniqanlarımız noutbuklarında, “avtoş igidlərimiz” avtomobillərində (avaraçılıq, qumar, keyf-işrət, zindan və oğru qanunlarında bəhs edən) səviyyəsiz mahnıları dinləməklə süstləşəcəklər? Mənfi hisslərlə yüklənə-yüklənə hansı potensiala malik olacaqlar? Necə deyərlər, biri çəpik çalır, digəri atını dördnala çapır.
Akif AĞAYEV










