Bu gün Ağcabədi rayon YAP-in akt zalında “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyinin həyata keçirdiyi “Regionlarda narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı maarifləndirmə kampaniyalarının keçirilməsi” adlı layihə çərçivəsində “Narkomaniya və onun fəsadları” mövzusunda dəyirmi masa keçirilib. Bu Ağcabədi rayonunda 2-ci tədbir idi.

QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunan layihə çərçivəsində keçirilən tədbirdə layihə rəhbəri, “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyinin sədri Telman Dadaşov “Narkomaniya və onun fəsadları” barədə ətraflı məlumat verib: “Hamı narkotikin necə ziyanı olduğu barədə bilir. Buna baxmayaraq onun toruna düşənlərin sayı çox sürətlə artır. Sual olunur axı niyə? Görünür narkotikin insanı və onun həyatını necə şikəst etməsi barədə məlumat çox az adamda var. Bizim məqsədimiz bu təhlükəni insanlara çatdırmaqdır. Bunu da cəmiyyət olaraq birləşib etməliyik”.

Ağcabədi İcra Hakimiyyətindən Ülkər Kərimova çıxış edərək bildirib ki, ”tibbi praktika göstərir ki, narkomaniyadan müalicə olmaq çox çətindir: “Narkotikdən asıllıq ondan bir və ya bir neçə dəfə istifadə etməklə baş verir, lakin onun caynaqlarından qurtulmaq çox az adama nəsib olub. Hətta narkotikdən can qurtarmaq barədə güclü iradə yaransa da bunu etmək çox çətin və uzun vaxt tələb edir. Bu problemi həll etmək çox az adama nəsib olub. Buna görə də ən yaxşı həll yolu-narkotikə bulaşmamaqdır”.

Ağcabədi rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi, Böyük məsləhətçi Səbuhi Möhsümov, Ağcabədi Rayon Polis şöbəsinin Narkomaniyaya qarşı Mübarzə Qrupunun Baş əməliyyat müvəkkili, polis kapitanı Vüsal Səlimov,”Aran”qəzetinin əməkdaşı Hüseyn Quluzadə, Ağcabədi rayon mərkəzi Xəstəxanasından Əliyeva Səxavət, Ağcabədi rayon Təhsi sektorundan Rəna Abdullayeva, Təhsil sektorunun psixoloqları və digərləri mövzu ətrafında çıxış ediblər və təkliflərini veriblər.

 

Pərvanə Fərhadqızı