ABŞ Kənd Təsərrüfatı Nazirliyi (USDA) Konqo Demokratik Respublikası, Efiopiya, Haiti və Keniyaya ərzaq yardımı göndərilməsi ilə bağlı razılaşmalar əldə edib. İlkin plana əsasən, ölkələrə ümumilikdə 130 min tona yaxın taxıl, paxlalı bitkilər və müalicəvi qida məhsulları çatdırılacaq.
QHT.az xarici mediaya istinadən bildirir ki, “Sülh üçün ərzaq” (Food for Peace) proqramı çərçivəsində humanitar yardım üçün ümumilikdə 357 milyon dollar ayrılması nəzərdə tutulur. Yardımın “Action Against Hunger”, “Catholic Relief Services”, UNICEF və Dünya Ərzaq Proqramı (WFP) vasitəsilə çatdırılması planlaşdırılır.
Vəsaitin ən böyük hissəsi — 147 milyon dollar Dünya Ərzaq Proqramına ayrılacaq. Bu maliyyə Konqo Demokratik Respublikası, Efiopiya və Haitidə ərzaq ehtiyaclarının qarşılanmasına yönəldiləcək.
Bununla belə, USDA-nın məlumatına görə, razılaşmalar hələ yekun təsdiqlənməyib. Planın həyata keçirilməsi ərzaq çatışmazlığının azaldılmasına və ehtiyacı olan əhaliyə dəstək göstərilməsinə kömək edə bilər.












