Dünyanın müxtəlif ölkələrində uşaqların və gənclərin yaradıcılıq qabiliyyətlərinin erkən yaşlardan müəyyənləşdirilməsi və inkişaf etdirilməsi onların sərbəst düşünmək, öz fikirlərini ifadə etmək, yenilik yaratmaq və ictimai təşəbbüslərdə fəal iştirak etmək bacarıqlarının formalaşmasına, eləcə də daha zəngin mədəni və intellektual potensiala malik cəmiyyətin inkişafına təsir göstərən mühüm amillərdən biri hesab olunur.

Rayon mərkəzlərində və kəndlərdə yaşayan gənclərin rəssamlıq, musiqi, ədəbiyyat, fotoqrafiya, teatr, sənətkarlıq və digər yaradıcılıq sahələrinə marağının dəstəklənməsi üçün əlçatan fəaliyyət imkanlarının genişləndirilməsi faydalı ola bilər. Məktəblərdə, kitabxanalarda, mədəniyyət müəssisələrində və gənclər məkanlarında yaradıcılıq dərnəklərinin, sərgi və təqdimatların, müsabiqələrin, ustad görüşlərinin və təcrübə məşğələlərinin təşkili istedadlı gənclərin üzə çıxmasına şərait yaradar.

Yerli rəssamların, musiqiçilərin, sənətkarların və digər yaradıcı şəxslərin bu fəaliyyətlərə cəlb edilməsi gənclərin peşəkar təcrübə ilə tanış olmasına və öz bacarıqlarını daha düzgün istiqamətdə inkişaf etdirməsinə kömək edə bilər. Belə imkanlar yaradılarkən kəndlərdə yaşayan, aztəminatlı ailələrdən olan, qızların və əlilliyi olan gənclərin iştirakının nəzərə alınması xüsusi əhəmiyyət daşıyır.

Region gənclərinin yaradıcı potensialının inkişaf etdirilməsi onların özünəinamının, təşəbbüskarlığının və ictimai fəallığının artmasına, yerli mədəni həyatın zənginləşməsinə, yeni istedadların tanınmasına və bütövlükdə cəmiyyətin yaradıcı və intellektual inkişafına mühüm töhfə verə bilər.

“İntellekt” Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyi, Samir Axundov