Bu gün Azərbaycanın Hərbi Hava Qüvvələri Günüdür. 1992-ci il fevralın 14-də Milli Ordunun Hərbi Hava Qüvvələri ayrıca bölmə kimi təsis edilib və həmin vaxtdan etibarən bu gün Hərbi Hava Qüvvələri Günü kimi qeyd olunur.
QHT.az xəbər verir ki, hazırda Azərbaycan HHQ-nin pilotları MDB məkanında ən çox uçuş keçirmiş pilotlar sayılır. Pilotlarımız, əsasən, Ali Hərbi Təyyarəçilik Məktəbində hazırlanır, Türkiyə, Ukrayna, ABŞ və digər ölkələrin müvafiq ixtisasartırma kurslarında və təlimlərdə iştirak edirlər. 1992-ci ilin sentyabrında verilən fərmana əsasən 14 fevral – Azərbaycan Hərbi Hava Qüvvələri Günü kimi qeyd olunur.
Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Kəlbəcər rayon Bağırlı kənd Kitabxana filialında Hərbi Hava Qüvvələri günü ilə bağlı tədbir keçirilib. Tədbirdə kitabxana müdiri Məhsəti Məmmədova Hərbi Hava Qüvvələri günü haqqında tədbir iştirakçılarına məlumat verib: "Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O, Birinci Dünya Müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisində gedən döyüşlərdən birində həlak olub.1992-ci ildən Azərbaycanda HHQ ilə bağlı islahatlar dövrü başlanıb. Həmin il bu qurumun strukturu milliləşdirilib".
Tədbirdə filialın kitabxanaçısı Səfurə Salmanova və Şəhid Polkovnik Leytenant Anar Əliyev adına Kəlbəcər rayon 2saylı tam orta məktəbin şagirdləri iştirak ediblər.
Xatırladaq ki, 44 günlük Vətən Müharibəsində hərbi təyyarəçilərimiz ölkəmizin ərazi bütövlüyünün qorunmasında şücaət və qəhrəmanlıq nümunələri göstəriblər. Belə ki, Ermənistanın hava hücumundan müdafiə sistemini məhv etmək üçün “Qarabağ mücrüsü” adı verilən bir sıra tədbirlərdən ibarət xüsusi əməliyyat planı hazırlamışdır. Bu şərəfli peşədə vətən yolunda canından keçən pilotlarımızı unutmur, şəhidlik zirvəsinə ucalmış hərbi qulluqçularımızı böyük ehtiram və qürur hissi ilə yad edir, Allahdan rəhmət diləyirik.
Məkanınız Cənnət olsun!
Pərvanə Fərhadqızı










