Kriptovalyuta və əmtəə investisiyalarında gələcək proqnozları: AÇIQLAMA
Hazırda kriptovalyutaların, xüsusən də Bitcoində kəskin qiymət artımı müşahidə olunur.
QHT.az xəbər verir ki, İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı ekspert Eyyub Kərimli bu artıma və investisiya perspektivlərinə dair bildirib ki, 2000-2025-ci illərdə müxtəlif əmtəələrin qiymətlərindəki artımın müqayisəli cədvəlini təqdim edir:
"Məsələn, kakao ton başına 1,000 dollardan 12,931 dollara yüksələrək 13 dəfə artıb. Qızıl 280 dollardan 3,278 dollara, təxminən 11 dəfə artış göstərib. Digər əmtəələrdən dəmis filizi, gümüş, mis, nikel və palladium kimi məhsullar 5-9 dəfə arasında qiymət artımı yaşayıb. Eyni zamanda, daşınmaz əmlak bazarında da böyük artımlar qeydə alınıb. Məsələn, 25 il əvvəl 7-10 min dollar olan iki otaqlı mənzil hazırda 50-90 min dollara, 100 kvadratmetrlik torpaq sahəsi isə 2-3 min dollardan 25-30 min dollara yüksəlib. Səhmlər bazarında isə texnoloji şirkətlərin səhm qiymətləri çox böyük artım göstərib. Məsələn, Apple səhmləri 0.25 dollardan 195 dollara, Tesla səhmləri isə 2 dollardan 345 dollara yüksəlib. Bitcoin isə 2013-cü ildə 100 dollardan başlayaraq 1000 dəfə artıb, bu isə ənənəvi investisiya alətlərindən daha yüksək rəqəmdir".
Eyyub Kərimli qeyd edir ki, müasir rəqəmsal alətlərdə böyük artım müşahidə olunsa da, risklər də yüksəkdir. O, maliyyə piramidaları və spekulyativ investisiyalardan ehtiyatlı olmaq lazım olduğunu vurğulayır. Son nəticədə, səhmlər və qiymətli kağızlar investisiya üçün daha uğurlu və gəlirli sayılır.
Pərvanə Fərhadqızı