Süni intellektlərin gizli döyüşü: İnsanlar artıq məhv olur?
Süni intellekt (AI) artıq sadəcə bir vasitə olmaqdan çıxaraq, bir-biri ilə rəqabət aparan müstəqil oyunçular səviyyəsinə yüksəlib.
QHT.az xəbər verir ki, 2025-ci ildə süni intellekt sistemləri reklam yaratmaqdan tutmuş, onu filtrləməyə, satışları optimallaşdırmaqdan alqoritmləri “aldatmağa” qədər geniş sahələrdə bir-birilə mübarizə aparır. Google Ads və Meta kimi nəhəng platformalar hər saniyə milyonlarla reklam auksionu keçirir. Süni intellektlər isə bu yarışda istifadəçilərin diqqətini qazanmaq üçün öz alqoritmlərini davamlı təkmilləşdirir. eMarketer-in proqnozlarına görə, bu il onlayn reklamların 85%-i artıq AI tərəfindən idarə olunacaq.
Sosial mediada isə vəziyyət heç də sadə deyil. MIT tədqiqatlarına əsasən, 2025-ci ildə sosial media məzmununun 30%-i süni intellekt tərəfindən yaradılacaq. Botlar həm də platformaların spam filtrlərini “aldatma”q üçün inkişaf etmiş strategiyalardan istifadə edir. Bu, sadəcə məzmun döyüşü deyil, rəqəmsal sistemlər arasında mürəkkəb mübarizədir. Bundan əlavə, veb saytlar və onlayn mağazalar getdikcə daha çox AI alqoritmlərinə optimallaşdırılır. Nəticədə istifadəçi təcrübəsi bəzən arxa plana keçir və saytlar daha çox alqoritmlərin tələblərinə uyğun şəkildə hazırlanır. TikTok, YouTube kimi platformalar isə artıq məzmunu yalnız insanlara deyil, AI köməkçilərinə də uyğunlaşdırır.
ABŞ-ın Humanitar Texnologiyalar Mərkəzinin həmtəsisçisi Tristan Harris xəbərdarlıq edir ki, AI-lər diqqətimizi qazanmaq üçün mübarizə apararkən biz öz maraqlarımızdan çox, onların optimallaşdırdığı alqoritmlərin əsiri ola bilərik. Ekspertlər vurğulayır ki, bu rəqabət yalnız texnoloji deyil, həm də etik və insan etibarına dair məsələdir. Gələcəkdə əsas vəzifə insanları passiv izləyicidən aktiv iştirakçıya çevirmək, süni intellektlə daha sağlam və etibarlı qarşılıqlı əlaqələr qurmaq olacaq.
Pərvanə Fərhadqızı