Manatlıq taksilərə tələbat niyə var? – QHT sədri problemin köklərinə toxundu
MEDİA-nın təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda II Forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı panel sessiyada Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Kommunikasiya departamentinin rəhbəri Vəli Məmmədov bildirib ki, manatlıq taksi anlayışı qanunvericilikdə yoxdur və bu fəaliyyət növü bir çox hallarda qeyri-qanuni xarakter daşıyır.
Mövzu ilə bağlı “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə QHT.az-a fikirlərini bölüşüb.O, bu məsələyə yalnız qanunsuz fəaliyyət prizmasından yanaşmanın problemin mahiyyətini tam əks etdirmədiyini vurğulayıb. Cəsarət Hüseynzadənin sözlərinə görə, əgər insanlar bu xidmətdən könüllü şəkildə istifadə edirsə, deməli, ortada real ehtiyac var:
"Məsələnin kökündə isə ictimai nəqliyyatla bağlı ciddi çatışmazlıqlar dayanır: avtobus gec gəlir, bəzən ümumiyyətlə çatmır, yolların bağlı olması səbəbindən insanlar saatlarla gözləməli olur. Bu səbəbdən vətəndaş məcbur qalıb alternativ yol kimi manatlıq taksiyə üz tutur. Əgər biz bu problemi kökündən həll etmək istəyiriksə, əvvəlcə ictimai nəqliyyat infrastrukturundakı boşluqları aradan qaldırmalıyıq. İnsanlar əlçatan, rahat və vaxtında gələn avtobus xidmətindən istifadə edə bilsələr, nə özləri 3 nəfərlik dar arxa oturacaqlarda sıxlı-sıxlıı oturmağa, nə də belə riskli nəqliyyat seçimlərinə üz tutmağa məcbur qalmazlar. Sonda isə istismar və sui-istifadə hallarına qarşı effektiv nəzarət tədbirləri tətbiq edilməlidir. Problemli sahələri tənzimləmədən birbaşa cərimə və qadağa mexanizmlərinə keçmək nə ictimai dəstək qazandırar, nə də real nəticə verər"
Pərvanə Fərhadqızı
QHT.az