Xəbərlər 19.05.2025 19:00 60

“Məhdudiyyətlər mənim həyatımı dayandırmadı” – MÜSAHİBƏ

QHT.az bu dəfə ilhamverici həyat hekayəsi ilə bir çox gəncə nümunə olan Nuray Əliyeva ilə görüşüb. Yeriməkdə çətinlik çəkməsinə baxmayaraq, Nurayın həyatda irəliləmək əzmi, təhsilə olan marağı və gələcək planları onun ruhunun necə güclü olduğunun göstəricisidir. Bu müsahibədə biz onun həyatı, arzuları və gələcək hədəfləri haqqında daha yaxından tanış olacağıq.

 

QHT.az: Nuray xanım salam, ilk olaraq oxucularımıza özünüzü necə təqdim edərdiniz?

Nuray Əliyeva: Mən Nuray Əliyeva, uşaqlıqdan bəri yeriməkdə müəyyən çətinliklərim olub. Amma bu, heç vaxt məni dayandırmayıb. Hər zaman çalışmışam ki, müsbət qalım və qarşıma məqsədlər qoyum. Həyatı sevirəm və özümü daim inkişaf etdirməyə çalışıram. Əlbəttə, bəzi məqamlar digərləri üçün asan olsa da, mənim üçün bir az daha çox səbr və alternativ yollar tələb edir. Amma bu, mənim həyatla münasibətimi dəyişdirməyib. Əksinə, məni daha dözümlü və yaradıcı edib. Məsələn, digər uşaqlar kimi qaçıb oynaya bilmədiyim vaxtlarda musiqi dinləyirdim, kitab oxuyurdum. Mahnı oxumaq mənim üçün bir növ terapiyadır.

 

QHT.az: Maraqlıdır, oxumaqla yanaşı musiqiyə olan sevginiz də güclüdür? Təhsilə münasibətiniz necədir? Hazırda nə ilə məşğulsunuz?

Nuray Əliyeva: Bəli! Mahnı oxumaq mənim üçün həm özümü ifadə etmək, həm də daxili rahatlıq tapmaq deməkdir. Hər dəfə mahnı oxuyanda sanki çətinliklərdən uzaqlaşıram. Gələcəkdə bu sahədə də inkişaf edib, insanlara səsimlə ümid vermək istəyirəm. Təhsili çox sevirəm. Əlimdən gələni edirəm ki, sinif yoldaşlarımdan geri qalmayım. Müəllimlərim də mənə hər zaman dəstək olublar. Əlavə olaraq məktəbdə ictimai fəaliyyətlərə də qatılıram – teatr dərnəyində çıxış edirəm, şeirlər yazıram, tədbirlərdə iştirak edirəm.

 

QHT.az: Bu qədər fəallığın arxasında sizə dəstək olan insanlar kimlərdir? Gələcək üçün arzularınız nələrdir?

Nuray Əliyeva: Ən böyük dəstəkçilərim ailəmdir. Anam və atam hər zaman yanımdadır. Mənim üçün hər cür şərait yaratmağa çalışırlar. Onların sevgisi və inamı sayəsində daha güclü oluram. Mən universitetdə jurnalistika təhsili almaq istəyirəm. Tanınmış bir jurnalist olub, cəmiyyətin səsini dünyaya çatdırmaq, xüsusilə fiziki məhdudiyyətli insanların problemlərinə işıq tutmaq arzumdur. Onların da səsi eşidilməlidir. Eyni zamanda, musiqi ilə də məşğul olmaq, tanınmış bir müğənni kimi insanlara pozitivlik bəxş etmək istəyirəm.

 

QHT.az: Çox güclü və ilhamverici fikirlərdir. Səmimi müsahibəyə görə təşəkkür edirik, Nuray xanım. Siz çoxlarına nümunə və güc qaynağısınız.

Nuray Əliyeva: Mənim hekayəm onu göstərir ki, məhdudiyyətlər həyatın sonu deyil. Əgər insan içində istək, əzm və müsbət düşüncə daşıyırsa, qarşısına çıxan hər çətinliyi aşa bilər. Mən bu yolda olan hər kəsə deyirəm: özünüzə inanın və heç vaxt dayanmayın! Mən təşəkkür edirəm! Ümid edirəm ki, bu müsahibə kiminsə həyatına bir damla motivasiya gətirər.

 

 

Pərvanə Fərhadqızı

QHT.az

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı