Aygün Əliyeva: Yerli QHT-lərin beynəlxalq layihələrdə fəal iştirakını sistemli şəkildə dəstəkləyirik
Azərbaycanın “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Foruma ev sahibliyi etdiyinə və Qlobal Cənub regionuna aid dövlətləri bir araya gətirən bu tədbirin bir parçası olduğumuz üçün böyük qürur hissi keçiririk.
QH.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva aprelin 28-də Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forumda çıxışı zamanı səsləndirib.
O qeyd edib ki, forum 700-dən çox təşkilatı birləşdirir, iqtisadi, siyasi və sosial məsələlərin müzakirəsi üçün ideal bir platforma yaradır: “Təəssüf ki, Cənubda yaşayan ölkələrin böyük bir qismi hələ də müstəmləkəçilik və yoxsulluq kimi çətinliklərlə qarşı-qarşıyadır. Azərbaycan isə daim dayanıqlı inkişafa öz layiqli töhfəsini verir. Bu halların qarşısının alınması üçün ölkəmiz bütün sahələrdə həmin dövlətlərin yanında olub, bir sıra beynəlxalq təşəbbüsləri QHT-lərlə birgə həyata keçirib.
Bu gün biz yerli QHT-lərin beynəlxalq layihələrdə fəal iştirakını sistemli şəkildə dəstəkləyirik. Birgə layihələrin həyata keçirilməsi üçün çoxsaylı təşəbbüslər uğurla reallaşdırılır. Sevindirici haldır ki, Cənub QHT-lərinin Azərbaycanla əməkdaşlığa böyük maraq göstərdiyini açıq şəkildə görürük. İki gün ərzində müzakirə olunacaq məsələlər, imzalanacaq əməkdaşlıq memorandumları gələcəkdə QHT-lər arasında birgə fəaliyyətin daha da genişlənməsinə xidmət edəcək”.
A.Əliyeva forumda zəngin mövzulu və məhsuldar müzakirələrin aparılacağına da diqqət çəkərək vurğulayıb: “Unutmamalıyıq ki, konkret nəticələr əldə etmək üçün həmrəy olmalı və birgə tədbirlər görməliyik”.