Xəbərlər 25.04.2025 12:47 90

"Hər bir qadın bir dünyadır – onlara şərait yaradaq ki, bizim üçün gözəlliklər yaratsınlar" - Zenfira Mustafayeva

Bu gün ölkəmizdə Sahibkarlıq Günü qeyd olunur və bu gün, xüsusilə qadın sahibkarların cəmiyyətimizdəki rolunun və onların iqtisadi inkişafdakı əhəmiyyətinin daha da artdığı bir dövrün simvolu olaraq xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizdə sahibkarlıq sahəsində qadınların iştirakının artırılması, onların iqtisadi potensialının gücləndirilməsi və iş imkanlarının yaradılması istiqamətində dövlət tərəfindən bir çox tədbirlər həyata keçirilir.

“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva QHT.az-a verdiyi açıqlamada ölkəmizdə qadın sahibkarlığının inkişafı üçün yaradılan şəraitdən danışıb. O, bildirib ki, qadınların iqtisadi potensialının artırılması, güzəştli kreditlərin verilməsi və resurslarının genişləndirilməsi istiqamətində mühüm işlər görülür. Sahibkarlığın inkişafı, xüsusilə qadınların sahibkar kimi fəaliyyət göstərməsi ölkəmizin və ailələrin iqtisadi inkişafı deməkdir. Zenfira Mustafayeva qeyd edib ki, qadınların, xüsusən də həssas qrupdan olan xanımların maarifləndirilməsi və biliklərinin artırılması üçün dövlət və vətəndaş cəmiyyəti tərəfindən müxtəlif proqramlar həyata keçirilir. Dövlət məşğulluq proqramlarına cəlb olunan qadınlar, kursları bitirdikdən sonra avadanlıqlarla təmin olunaraq öz bizneslərini qurmaq imkanı əldə edirlər.

QHT sədri ötən il “Bir Qadınımız” layihəsi çərçivəsində 60 qadının – əksəriyyəti məcburi köçkünlərdən ibarət olan – 3 aylıq kurslarda iştirak edib sertifikat aldığını qeyd edib:

"Bu qadınlar, öz yurdlarına qayıtdıqda avadanlıqla təmin olunaraq öz bizneslərini quracaqlar. Ümumilikdə, ötən il 120 qadına təşkilat tərəfindən dəstək verilib, onlar müxtəlif peşə kurslarına cəlb olunaraq işlə təmin olunub və ya avadanlıqlarla təmin ediliblər. Qadınlar əsasən kompüter bilikləri, dərzilik, salon işi, şirniyyatçılıq kimi sahələrə maraq göstərirlər. Sosial problemlərin həllindən danışarkən qeyd etmək lazımdır ki, əgər qadın ailəyə maddi dəstək ola bilirsə, bu, onun özünü daha rahat və xoşbəxt hiss etməsinə səbəb olur. Çünki qadın özünə dəyər verməyə başlayır".

Təşkilat rəhbəri həmçinin, təlimlərə qatılan qadınların fiziki görünüşündə, danışıq tərzində və özlərinə inamında baş verən müsbət dəyişiklikləri görməyin onu çox sevindirdiyini bildirib:

“Onlar heç də zəif və əzilmiş qadınlar deyilmiş. Sadəcə, cəmiyyətdə özlərini təsdiq etmək üçün stimul və şəraitə ehtiyacları var imiş. Hər bir qadın bir dünyadır – onlara şərait yaradaq ki, onlar bizim üçün gözəlliklər yaratsınlar."

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı