Xəbərlər 23.04.2025 15:57 72

Deputat: "Azərbaycan-Çin strateji tərəfdaşlığı yeni zirvələrə doğru irəliləyir"

Vətən müharibəsində Zəfər əldə etdikdən və regionda yeni reallıq yaratdıqdan sonra ölkəmiz daha geniş coğrafiyada öz xarici əlaqələrini inkişaf etdirir.

Müstəqil və balanslı xarici siyasət yürüdən Azərbaycana maraq Şərq ölkələrindən və Qlobal Cənubdan xeyli artıb. Belə ki, artan və inkişaf edən iqtisadi və siyasi güc, o cümlədən çoxillik münaqişənin həll edilməsi və bölgəyə de-fakto sülhün gəlməsi ölkəmizin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırmışdır. Artıq Azərbaycan dəyişən dünya nizamında artıq mediator rolunda da çıxış edir, İsrail və Türkiyə arasında əlaqələrin yaxşılaşdırılmasında barışdırıcı mövqe sərgiləyir. Azərbaycan İslam dünyasında İsraillə münasibətləri yüksək səviyyədə olan, ən strateji tərəfdaşdır. Ölkəmiz ABŞ-da qurulan yeni administrasiya ilə də əlaqələrini qurmaqda maraqlıdır.

ADA Universitetində aprelin 9-da keçirilən Diplomatiya Forumunda Prezident İlham Əliyev Azərbaycanın Çinlə münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirmişdi. Çin Xalq Respublikası (ÇXR) ilə Azərbaycan Respublikası arasında münasibətlər strateji əməkdaşlıq səviyyəsindədir və müxtəlif – siyasi, iqtisadi, mədəni, humanitar və nəqliyyat-logistika sahələrini əhatə edir. İki ölkə arasında həm də dostluq münasibətləri yüksək səviyyədədir və son illərdə daha da dərinləşməkdədir. 3 iyul 2023-cü il tarixində qəbul edilmiş “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” dövlətlərarası bağlılığı daha da möhkəmləndirmişdir. Bəyannamədə əməkdaşlığın gələcəkdə də genişləndirilməsi, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, iki dövlətin ümumi maraqlarının birlikdə müdafiə edilməsi, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətinin birgə təşviq edilməsi razılaşdırılmışdır. Eyni zamanda Bəyənnamə ilə iki ölkənin dinc yanaşı yaşamaq prinsiplərindən irəli gələn müstəqil xarici siyasət yürüdən vacib və etibarlı tərəfdaşlar olduğu təsdiq edilmişdir.

Ötən 2024-cü ildə hökumət və parlamentin yüksəkvəzifəli üzvləri, nazirliklərin və idarələrin, Baş Prokurorluğun rəhbərləri, həmçinin Prezident Administrasiyasının və Yeni Azərbaycan Partiyasının mərkəzi aparatının rəsmi nümayəndələri Çində səfərdə olublar. Eləcə də, ötən il Çinin Xalq Siyasi Məşvərət Şurasının Ümum-Çin Komitəsi sədrinin müavini və Çinin Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin sədri Azərbaycana səfər ediblər.

ÇXR Baş nazirinin müavininin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında – COP29-da iştirakı əlamətdar bir hadisə oldu. Azərbaycan COP29-a sədrliyi çərçivəsində iqlim fəaliyyəti və dayanıqlı inkişaf arasında əlaqəni əhatə edən 14 qlobal təşəbbüslə çıxış etdi və onlar geniş beynəlxalq dəstək aldılar. Əldə olunan razılaşmalar, dəstəklənən təşəbbüslər və qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi və dünyanın iqlim gündəliyi üçün müstəsna əhəmiyyətə malikdir.

Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Bu gün Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub. İki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ikitərəfli iqtisadi əlaqələri genişləndirmək, əməkdaşlığın perspektivli istiqamətlərini aşkara çıxarmaq və onları hüquqi müstəvidə bundan sonra möhkəmləndirmək üçün mühüm mexanizmdir. Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir. Həmçinin Azərbaycan ticarət və şərab evləri artıq ÇXR-in Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatsze şəhərlərində fəaliyyət göstərir.

Azərbaycan həm də ÇXR-in Sədri tərəfindən irəli sürülmüş “Bir kəmər bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir və bu layihənin reallaşmasına Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir. Belə ki, ÇXR 2013-cü ildə Avrasiya ölkələri arasında infrastrukturun yaradılması və qarşılıqlı əlaqələrin qurulmasına yönələn “Bir kəmər, bir yol” adlı yeni iqtisadi inkişaf strategiyası elan edib. Strategiya iki əsas inkişaf istiqamətini nəzərdə tutur: “İpək Yolu İqtisadi Kəməri” və “Dəniz İpək Yolu”. Burada söhbət malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasından gedir. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “Bir kəmər bir yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır.

Hesab edirəm ki, vətəndaşlarımızın ölkələrə vizasız gediş-gəlişinin asanlaşdırılması turist axınının artmasına kömək edəcək və bununla da iqtisadi, humanitar və mədəni əlaqələr genişlənəcək.

Bu gün Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir. Azərbaycanın belə bir nəhəng və iqtisadiyyatı uğurlu olan dövlətlə əməkdaşlıq etməsi, münasibətlərini gücləndirməsi ölkə başçısı İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir.

 

Pərvanə Vəliyeva

Milli Məclisin deputatı

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı