Xəbərlər 13.06.2025 18:36 51

“Sahibkarların innovativ bacarıqlarınının artırılması” adlı layihəyə start verildi - FOTOLAR

Dövlətimizin iqtisadi qüdrətinin formalaşmasında sahibkarlıq fəaliyyətinin inkişafı prioritet olduğu üçün bu sahədə İKT-nin, süni intellektin faydalarından bəhrələnmək günün tələbidir desək, yanılmarıq. Statistikaya nəzər yetirdikdə əvvəlki illərə nisbətdə KOB subyektlərinin nisbətən artımını müşahidə etsək də, onların bir qisminin bazar iqtisadiyyatının şərtlərinə davam gətirməməsini və tədricən sıradan çıxmasını müşahidə edirik. Bunu KOB subyektlərinin istehsal etdiyi məhsulların piarının, marketinqinin, yerli və xarici bazarlara çıxışının zəif olması və ya olmaması ilə, bu sahədə biliklərə, maariflənməyə ehiyac olması ilə əlaqələndirmək daha doğru olardı. Əgər bu yanaşma beynəlxalq praktikaya əsalanmış müasir tərzdə, innovativ süni intellekt nəzəriyyəsinə uyğun yaradılmış texnoloji proseslər, proqramlar əsasında (öz bizneslərinə, fəaliyyətlərinə tətbiq etməklə) həyata keçirilərsə daha effektiv nəticə əldə etmək olar. 

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, İnnovasiya və Sosial İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan “Sahibkarların innovativ bacarıqlarınının artırılması” adlı layihənin də əsas məqsədini sahibkarlara və öz biznesini yeni quran  gənclərə innovativ üsulların, bacarıqların aşılanması təşkil edir.  

Layihənin hədəfi KOB subyektlərinin istehsal etdiyi məhsulların innovativ texnologiyaya əsaslanan marka dəyərinin artırılması, maliyyə resurslarına və beynəlxalq bazarlara çıxış imkanlarının təmin edilməsi sahəsində məlumatlandırma, rəqəmsal marketinqin yaradılması, satış limitlərinin artırılması, PR strategiyasının hazırlanması və bu fəaliyyətləri əhatə edən təlimlərin keçirilməsindən, mövzu üzrə məlumat xarakterli kitabın hazırlanmasından ibarətdir.  

Layihə üzrə ilk təlim 12 iyun 2025-ci il tarixində Bakı Resurs Mərkəzində keçirildi. Təlimdə əsasən yeni biznes fəaliyyətinə başlamaq istəyən gənclər, Bakı Dövlət Universitenin BİM fakultəsinin Beynəlxalq münasibətlər, iqtisadiyyat, Beynəlxalq ticarət və logistika, Dövlət və ictimai münasibətlər, Biznesin idarə edilməsi ixtisasları üzrə təhsil alan tələbələr  və fərdi sahibkarlar iştirak edirdilər.

Təlimdə layihə icraçısı, Bakı Dövlət Universitetinin müəllimi Lalə Maxsudova layihə və onun gənc biznesmenlərə, sahibkarlara verə biləcəyi faydalar haqqında məlumat verdi. Eyni zamanda iqtisadi ekspert, BƏT-biznes təlimçisi, Bakı Biznes Universitetinin müəllimi Bəsti Bəşirova mövzu üzrə süni intelektin biznesdə tətbiqi, rəqəmsal marketinqdə süni intelektin faydaları, marketinq xərclərinin  azalmasına dəstək olan innovativ alətlər, kiber təhlükəsizlik, bazara çıxışı və satışı asanlaşdıran innovativ proqramlar və s.  barədə ətraflı məlumat verdi. Təlimdə mövzunu tam əhatə edən slaydlar təqdim edildi.

Ümumilikdə təlim qarşılıqlı anlaşma, dialoq şəraitində təşkil edildiyi üçün iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.

Layihə çərçivəsində növbəti təlimlər Bakı və Sumqayıt şəhərlərində təşkil ediləcəkdir.

 

 

Lalə Ziyadqızı

BDU-nin müəllimi, layihə icraçısı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı