“Prezidentimizin qayğısı sayəsində pasiyentlərimiz dərman çatışmazlığı yaşamır” – Ayaz Hüseynov
"Hemofiliya sadəcə bir diaqnoz deyil – bu, ömür boyu davam edən bir mübarizədir. Lakin biz bu mübarizəni tək aparmırıq. Valideynlər, həkimlər, müəllimlər, ictimai təşkilatlar – hamımız birlikdə bu yolda irəliləyirik. Əsas məqsədimiz isə bu insanların həyat şəraitini yaxşılaşdırmaq, hüquqlarını qorumaq və müalicə imkanlarını daha əlçatan etməkdir".
QHT.az xəbər verir ki, bu sözləri Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov 17 aprel Dünya Hemofiliya Günü münasibətilə təşkil olunan xüsusi tədbirdə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Assosiasiya yarandığı gündən bu yana minlərlə ailəyə dəstək göstərib, dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində mühüm layihələr reallaşdırıb:
"Uşaqlardan tutmuş böyüklərə qədər hər bir hemofiliyalı fərdin ehtiyaclarını önə çəkmişik. Bizim üçün bu, sadəcə fəaliyyət deyil — bu, missiyadır. Dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürümüzü bildiririk. Onlar daima həssas əhali qruplarına öz diqqətlərini əsirgəmirlər. Məhz onların qayğısı nəticəsində 2016-cı ildən etibarən dövlət proqramı çərçivəsində bu günə qədər dərman preparatları pasiyentlərimizə tam təmannasız verilir. Biz son illərdə dərman qıtlığını hiss etmirik. Əvvəlki illərlə müqayisədə artıq pasiyentlərimiz belə sıxıntılarla qarşılaşmır. Məqsədimiz odur ki, dərman preparatları regionlarda yaşayan pasiyentlərə də vaxtında və davamlı şəkildə çatdırılsın. Bu, həm onların sağlamlığına, həm də sosial rifahına müsbət təsir göstərir. Dövlət səhiyyə qurumlarının bu prosesdəki dəstəyi olduqca mühümdür. Biz də Assosiasiya olaraq daim həkimlərimizin yanında olmağa çalışırıq ki, bu proseslər daha da sürətlənsin."
Ayaz Hüseynov çıxışı zamanı həmçinin bu təşəbbüslərin həyata keçirilməsində uzunmüddətli mənəvi dəstək göstərən qurumlara da təşəkkür etdi:
"Artıq 10 ildir ki, Mirzə Ələkbər Sabir Fondu bizimlədir. Bu illər ərzində onlar yalnız təşkilati deyil, mənəvi baxımdan da bizim yanımızda olublar."
Pərvanə Fərhadqızı