BDU-da təlim: “Dayanıqlı İnkişaf Məqsədlərinin tədris və tədqiqat prosesinə inteqrasiyası” / FOTO
Bakı Dövlət Universitetində (BDU) Birləşmiş Millətlər Təşkilatının müəyyən etdiyi Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) ali təhsildə təşviqinə yönəlmiş növbəti önəmli addım atılıb.
QHT.az xəbər verir ki, Universitetin Keyfiyyət Təminatı Mərkəzinin təşəbbüsü və rektorun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasovun rəhbərliyi ilə “Dayanıqlı İnkişaf Məqsədlərinin tədris və tədqiqat prosesinə inteqrasiyası” mövzusunda təlim keçirilib. Təlimdə universitetin müxtəlif fakültələrini təmsil edən dekan müavinləri və müvafiq istiqamət üzrə əlaqəli məsul şəxslər iştirak ediblər. Tədbirin əsas məqsədi 17 DİM-in ali təhsil sistemində daha geniş tətbiqini təşviq, elmi-tədqiqat və tədris fəaliyyətlərinə səmərəli inteqrasiyasını təmin etməkdir.
Təlim zamanı iştirakçılara DİM-lərin ali təhsildə rolu və əhəmiyyəti, bu məqsədlərin tədqiqat və akademik fəaliyyətlərlə əlaqələndirilməsi, beynəlxalq təcrübələrdə tətbiq olunan DİM əsaslı yanaşmalar barədə ətraflı məlumat təqdim edilib. Təlimdə Universitetin strateji inkişaf istiqamətlərinin DİM-lərlə uzlaşdırılması və keyfiyyət təminatı çərçivəsində davamlı inkişaf prinsiplərinin tətbiqi ilə bağlı müzakirələr aparılıb.